ALLAHVERDİ RAYON İCMASININ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
17 yanvar 2026, 22:35

17 yanvar 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Allahverdi Rayon İcmasının 2025-ci il üzrə hesabat yığıncağı keçirilib.

Tədbirdə İcma Aparatının əməkdaşları, ziyalılar, gənclər və ictimai fəallar iştirak ediblər.

İclasda 2025-ci ildə görülmüş işlərə dair hesabat təqdim olunub, həmçinin 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının və Allahverdi rayon İcmasının sədri, professor Vahid Novruzov bildirib ki, 2025-ci il icma üçün həm təşkilati baxımdan möhkəmlənmə, həm də ideoloji və ictimai fəallığın yeni mərhələyə qədəm qoyması ilə yadda qalıb. O qeyd edib ki, icma fəaliyyətini təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq sistemli və məqsədyönlü şəkildə həyata keçirib.

Vahid Novruzov çıxışında Qərbi Azərbaycanlılara və Qərbi Azərbaycan İcmasına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O vurğulayıb ki, Qərbi Azərbaycan məsələsinin dövlət səviyyəsində prioritet mövzuya çevrilməsi, bu problemin ardıcıl və sistemli şəkildə gündəmdə saxlanılması məhz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsidir:

“Qərbi Azərbaycan problemi bu gün bütövlükdə Azərbaycan xalqının ümummilli məsələsinə çevrilib. Bu istiqamətdə atılan bütün addımlar dövlət başçısının prinsipial mövqeyinə əsaslanır.”- deyə, professor qeyd edib.

Daha sonra Allahverdi Rayon İcmasının sədr müavini Vida Süleymanov hesabat məruzəsi ilə çıxış edib. O, il ərzində icma üzvləri, kənd və qəsəbə icmalarının rəhbərləri, ağsaqqallar, qadın və gənclər təşkilatları ilə mütəmadi görüşlərin keçirildiyini bildirib. Qeyd olunub ki, bu görüşlər çərçivəsində Qərbi Azərbaycana qayıdış ideyasının mahiyyəti, tarixi-siyasi və hüquqi əsasları barədə geniş maarifləndirmə işi aparılıb.

Vida Süleymanov vurğulayıb ki, sosial-humanitar sahə icmanın fəaliyyətində mühüm yer tutub. Şəhid ailələri, qazilər, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları daim diqqət mərkəzində saxlanılıb, şəhid məzarları ziyarət olunub, anım tədbirləri təşkil edilib.

Hesabatda bildirilib ki, 2025-ci ilin ən mühüm nailiyyətlərindən biri üzvlük qeydiyyatının tam şəkildə yekunlaşdırılması olub. İl ərzində 428 nəfər Allahverdi rayon sakini üzvlük vəsiqəsi ilə təmin edilib, vahid elektron və fiziki məlumat bazası yaradılıb.

İclasda həmçinin gənclərlə iş və idman sahəsində görülən tədbirlərdən bəhs olunub. Allahverdi rayon futbol komandasının Qərbi Azərbaycan Kuboku və digər turnirlərdə iştirakı, təlim-məşq toplanışları və yoldaşlıq oyunlarının gənclərin ictimai fəallığına müsbət təsir göstərdiyi qeyd edilib.

Çıxış edən digər natiqlər də Qərbi Azərbaycana qayıdış konsepsiyasının əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndiriblər. Bildirilib ki, deportasiya olunmuş Qərbi azərbaycanlıların qeydiyyatı, hüquqlarının sənədləşdirilməsi və tarixi yaddaşın qorunması istiqamətində görülən işlər gələcək qayıdış prosesinin əsasını təşkil edir.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcması İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan TV şöbəsinin əməkdaşı Lamiyə Əhmədova icmanın sosial media fəaliyyətinin gücləndirilməsi, habelə Qərbi Azərbaycan Televiziyası ilə əməkdaşlığa dair bir sıra təkliflərini səsləndirib.Təqdim olunan təşəbbüslər iclas iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Sonda 2026-cı il üçün fəaliyyət planı təqdim olunub, icma üzvlərinin təklifləri dinlənilib və qarşıdakı dövrdə gənclərin, ziyalıların və qadınların ictimai fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.