ATU-nun Tədris Cərrahiyyə Klinikasında əslən Basarkeçərdən olan gənclərlə görüşü keçirilib
28 yanvar 2025, 14:37

25 yanvar tarixində, ATU-nun Tədris Cərrahiyyə Klinikasında Basarkeçər rayon icmasının 2024-cü ildə uğur qazanan əslən Basarkeçərdən olan gənclərlə görüşü keçirilib.

Tədbirdə Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib. O, qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində aparılan işlərdə gənclərin rolu böyükdür.

İcmanın Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, akademik, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Azərbaycan gəncinin hər zaman fəal olduğunu, gənclərin təkanverici qüvvəsinin mühüm rol oynadığını vurğulayıb. Əhliman Əmiraslanov gənclərə Qərbi Azərbaycanla bağlı fəaliyyət istiqamətləri üzrə konkret dəstək verməyə həmişə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov Qərbi Azərbaycanla bağlı daxili və xarici istiqamətdə aparılan işlərdə gənclərin də yaxından iştirak etməsi üçün imkanlar barədə danışıb.

Sonda, uğur qazanan gənclər Basarkeçər rayon İcması tərəfindən təltif olunublar.