Qərbi Azərbaycan İcması
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatovic 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət etmiş, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirmişdir.
İcmanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilmiş görüş zamanı azərbaycanlıların Ermənistandan zorla qovulması barədə geniş məlumat verilmiş, bu insan hüquqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanmışdır. İcma nümayəndələri Ermənistanın oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən, Avropa Şurasının insan hüquqları konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırmışdır. Bu baxımdan, Avropa Şurasının Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçilərinin və İnsan Hüquqları Komissarının məsələ ilə məşğul olmalarına böyük zərurət olduğu qeyd edilmiş, qayıdış hüququ məsələsində etnik əsasda ayrı-seçkiliyə yol verilməsinin yolverilməz olduğu vurğulanmışdır.
İcma nümayəndələri bildirmişlər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır. İcma, xanım Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən, baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırmışdır.
Daha sonra Miyatovic Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirmişdir. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşmüş, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırılmışlar. Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova, Böyük Qarakilsədən olan Əli Eyvazov və digərləri azərbaycanlılara qarşı törədilmiş müsibətlər haqqında ətraflı məlumat vermişlər.
Basarkeçər rayonundan olan, İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirmişdir ki, Ermənistandan qovulmuş azərbaycanlılar 35 ildir qayıdışı gözləyir. Vətənsiz keçən hər bir günün qaçqınların iztirablarını daha da artırdığını qeyd edən natiq, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən xeyli vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu vurğulamışdır.
Xanım Miyatoviç qaçqınların, o cümlədən, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirmişdir. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat vermiş və qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd etmişdir.