Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci il noyabrın 9-da üçrəngli bayrağımızı qəbul edərkən əslində müstəqil dövlətimizin gələcək nəsillərə ünvanlanan mənəvi vəsiyyətini yaratmışdılar. Mavi, qırmızı və yaşıl rənglər xalqımızın milli kimliyini, müasirlik düşüncəsini və mənəvi dəyərlərini ifadə edirdi. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin ideyaları ilə səsləşən türkçülük, müasirlik və islamçılıq məfkurəsi bu bayrağın ideoloji əsasını təşkil edirdi. Lakin üçrəngli bayrağımızın taleyi asan olmadı. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa sürdü, müstəqilliyimizə son qoyuldu, bayrağımız rəsmi dövlət rəmzi kimi endirildi. Ancaq onu xalqımızın qəlbindən endirmək mümkün olmadı. Çünki bayraqlar bəzən dirəklərdən endirilə bilər, amma bir millətin yaddaşından silinə bilməz.
Tarixin ağır sınaqlarından keçən üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən ucaldı. Bu tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşdi. Sovet hakimiyyətinin hələ mövcud olduğu bir vaxtda milli bayrağımızın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiya zalına gətirilməsi və dövlət rəmzi kimi qəbul edilməsi böyük siyasi cəsarət və milli iradə nümunəsi idi. Həmin qərar yalnız bir bayrağın yenidən qaldırılması demək deyildi; bu, Azərbaycanın müstəqilliyə doğru atdığı qətiyyətli addımlardan biri, milli dövlətçilik düşüncəsinin dirçəlişi idi. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən təsdiq edildi, oktyabrın 18-də isə dövlət müstəqilliyimizin bərpası ilə onun tarixi hüququ rəsmiləşdi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Dövlət Bayrağı Azərbaycanın müstəqilliyinin və milli qürurunun daha geniş miqyasda təcəssümünə çevrilib. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması milli rəmzimizin tarixinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm addımlar oldu. 2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağının qaldırılması isə bu müqəddəs rəmzin dövlət həyatımızdakı yerini bir daha nümayiş etdirdi. Muzeydə ölkəmizin dövlətçilik tarixini əks etdirən eksponatlarla yanaşı, Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan “Zəfər qalereyası” da təqdim edilir. Beləliklə, bayrağımızın tarixi ilə müasir Azərbaycan dövlətinin qələbə salnaməsi vahid yaddaşda birləşir.
Azərbaycan bayrağının taleyində Qarabağ Zəfərinin ayrıca və əbədi yeri var. Uzun illər işğal altında qalan torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımız üçün sadəcə hərbi uğurun rəmzi deyildi. Bu, ata-baba yurdlarından didərgin düşmüş insanların qayıdış ümidi, şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsi, tarixi ədalətin bərpası idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı bayrağımızın ucaldılması həmin anların tarixi əhəmiyyətini daha da artırdı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər azad edilmiş ərazilərimizdə dalğalanan bayraq Azərbaycanın suverenliyini, xalqımızın qayıdış əzmini və dövlətimizin gücünü ifadə etdi. Xankəndidə üçrəngli bayrağımızın ucalması isə dövlət suverenliyimizin bütün ərazilərimizdə bərpasının rəmzlərindən birinə çevrildi.
Bu gün bayrağımıza baxanda onun rənglərində yalnız tarixi ideyaları deyil, müasir Azərbaycanın gücünü, quruculuq əzmini və gələcəyə inamını da görürük. Mavi rəng milli kimliyimizi, qırmızı rəng inkişaf və müasirlik istəyimizi, yaşıl rəng isə mənəvi dəyərlərimizə bağlılığımızı xatırladır. Aypara və səkkizguşəli ulduz bu üç rəngin üzərində dövlət rəmzimizin bütövlüyünü tamamlayır. Lakin bayrağın əsl ucalığı onun təsvirində deyil, xalqın ona bəslədiyi sevgidə, uğrunda göstərdiyi fədakarlıqda və təmsil etdiyi dövlətin qüdrətindədir.
9 Noyabr – Dövlət Bayrağı Günü bizə bir daha xatırladır ki, müstəqillik böyük nemət olduğu qədər böyük məsuliyyətdir. Bayrağımıza hörmət etmək Konstitusiyamızla müəyyən edilmiş vətəndaşlıq borcumuzdur, amma bu borcun mənəvi tərəfi daha genişdir. Bayrağı qorumaq dövlətimizi qorumaq, milli birliyimizi möhkəmləndirmək, tariximizi öyrənmək, gələcək nəsillərə müstəqil Azərbaycanın dəyərini anlatmaq deməkdir. Bayraq məktəblərimizin həyətində, dövlət müəssisələrimizin üzərində, şəhər və kəndlərimizin meydanlarında dalğalandığı kimi, hər birimizin qəlbində də yaşamalıdır.
Bir gün gələcək, bu günün uşaqları bayrağımızın altında böyüyəcək, onun tarixini öyrənəcək, Vətənimizin keçdiyi çətin yolları və qazandığı qələbələri xatırlayacaqlar. Onlar biləcəklər ki, bu bayraq bir vaxtlar istiqlal uğrunda mübarizə aparan insanların arzusu olub, ağır sınaqlardan keçərək yenidən dövlətimizin başı üzərində ucalıb və Zəfər günlərində azad torpaqlarımızın səmasına qovuşub. Bu bayrağın hər dalğası bizə keçmişimizi unutmağı deyil, ondan güc alaraq gələcəyə addımlamağı öyrədir.