Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Azərbaycan-Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan nadir dövlətlərarası əlaqələrdəndir. Bu münasibətləri yalnız diplomatik tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və ya hərbi müttəfiqlik çərçivəsində izah etmək mümkün deyil. Bizi birləşdirən ortaq tarix, dil, mədəniyyət, milli yaddaş və taledir. Ən başlıcası isə hər iki dövlətin bu qardaşlığı qorumaq və gələcək nəsillərə ötürmək istiqamətində nümayiş etdirdiyi siyasi iradədir.
Cənab Prezident İlham Əliyevin noyabrın 10–11-də Türkiyəyə səfəri və Antalyada keçirilən COP31 Liderlər Sammitində iştirakı bu münasibətlərin növbəti mühüm səhifəsi kimi dəyərləndirilməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər Azərbaycanın beynəlxalq ekoloji və iqlim gündəliyində qazandığı mövqenin, eyni zamanda, Ankara ilə Bakı arasında formalaşmış etibarlı əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bu səfərin siyasi əhəmiyyətini ondan bir neçə gün əvvəl Türkiyə Prezidentinin Azərbaycana etdiyi səfərlə birlikdə qiymətləndirmək daha doğru olardı. Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də, Zəfər Gününün altıncı ildönümündə Azərbaycanda oldu. Onun Şuşaya, Xankəndiyə səfəri, Xocalı Soyqırımı Memorialını və Zəfər abidəsini ziyarət etməsi sadəcə protokol tədbirləri deyildi. Bu səfər Türkiyənin Azərbaycanın tarixi Zəfərinə, suverenliyinə və Qarabağda aparılan quruculuq prosesinə verdiyi siyasi və mənəvi dəstəyin ifadəsi idi.
Xüsusilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk saatlarından Türkiyənin Azərbaycanın yanında olduğunu xatırlatdı və qardaş ölkənin siyasi-mənəvi dəstəyini yüksək qiymətləndirdi. Rəcəb Tayyib Ərdoğan isə Qarabağ Zəfərini bütün Türk dünyasının qürur mənbəyi kimi səciyyələndirdi. Bu fikirlər iki dövlətin münasibətlərində tarixi yaddaşın və qarşılıqlı etimadın nə qədər mühüm yer tutduğunu göstərir.
Məncə, bu səfərin ən mühüm siyasi mesajlarından biri də Şuşada bir daha təsdiqlənən Şuşa Bəyannaməsinin ruhuna sadiqlik idi. 2021-ci il iyunun 15-də imzalanmış bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq baxımından da yeni mərhələnin əsasını qoyub. Bu gün həmin müttəfiqlik siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə konkret əməkdaşlıqla möhkəmlənir.
Cənab İlham Əliyevin Antalyada COP31 Liderlər Sammitində iştirakı isə Azərbaycan-Türkiyə münasibətlərinin yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq miqyasda da mühüm əhəmiyyət daşıdığını göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında əvvəlki COP sədrliklərinin təcrübəsini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür etdi. Bu, Azərbaycanın COP29 sədrliyi dövründə qazandığı təşkilati və diplomatik təcrübənin beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir.
Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi ölkəmizin qlobal problemlərin müzakirəsində fəal iştirak etmək imkanlarını genişləndirdi. İndi bu təcrübənin Türkiyənin ev sahibliyi etdiyi COP31 prosesində də nəzərə alınması iki qardaş dövlət arasında əməkdaşlığın yeni istiqamətlərini meydana çıxarır. İqlim dəyişiklikləri, yaşıl enerji, bərpaolunan enerji mənbələri və ekoloji təhlükəsizlik kimi məsələlər gələcəkdə Azərbaycan-Türkiyə tərəfdaşlığının daha geniş sahələrini əhatə edə bilər.
İki ölkənin iqtisadi və strateji əməkdaşlığı da bu münasibətlərin mühüm dayaqlarındandır. Enerji layihələri, nəqliyyat dəhlizləri, qarşılıqlı investisiyalar və regional bağlantılar həm Azərbaycanın, həm də Türkiyənin beynəlxalq mövqelərini gücləndirir. Cənubi Qafqazda yeni nəqliyyat imkanlarının yaranması, Zəngəzur istiqamətində bağlantıların qurulması və Türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşdirilməsi ortaq maraqlarımızın əsas istiqamətlərindəndir. Şuşada keçirilən görüşdə bu məsələlərin geniş müzakirəsi də təsadüfi deyildi.
Son günlərdə baş tutan qarşılıqlı səfərlər bir məqamı da aydın göstərdi: Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmliyi ayrı-ayrı siyasi müzakirələrdən, gündəlik fikir ayrılıqlarından və kənar təsirlərdən daha böyükdür. Hər iki dövlətin rəhbərliyi bu münasibətlərin qorunmasının strateji əhəmiyyətini anlayır. Qardaşlıq yalnız xoş sözlər və mərasimlər zamanı deyil, mürəkkəb siyasi şəraitdə nümayiş etdirilən qarşılıqlı hörmət və etimadla ölçülür.
Türkiyə ilə Azərbaycanın birliyi təkcə iki ölkənin milli maraqları baxımından deyil, bütövlükdə Türk dünyasının gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır. Güclü Azərbaycan və güclü Türkiyə bir-birini tamamlayan, regional sabitliyə, iqtisadi inkişafa və beynəlxalq əməkdaşlığa töhfə verən iki strateji tərəfdaşdır. Bu birliyin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatının daha təsirli beynəlxalq quruma çevrilməsi üçün də əlverişli zəmin yaradır.
Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri bu baxımdan yüksək qiymətləndirilməlidir. Səfər Azərbaycanın beynəlxalq nüfuzunun, COP29-dan gələn təcrübəsinin və Türkiyə ilə strateji tərəfdaşlığının əhəmiyyətini bir daha nümayiş etdirdi. Ərdoğanın Zəfər Günündə Qarabağda olması, İlham Əliyevin isə dərhal sonra Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirakı iki dövlətin qarşılıqlı ehtiramını və siyasi həmrəyliyini ifadə edən mühüm hadisələrdir.
Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yeni uğurlara, böyük layihələrə və ortaq qələbələrə yol açacaq. Çünki bu münasibətlərin təməlində dəyişən siyasi konyunktura deyil, xalqlarımızın tarixi iradəsi, ortaq milli-mənəvi dəyərləri və gələcəyə yönəlmiş strateji baxışı dayanır. Birliyimiz gücümüz, qardaşlığımız isə ən böyük sərvətimizdir.