Bakıda Qərbi Azərbaycan mövzusunda beynəlxalq konfrans işə başlayıb
05 dekabr 2023, 10:15

Qərbi Azərbaycan İcması tərəfindən Bakı şəhərində təşkil edilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans dekabrın 5-də işə başlayıb.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümündə bu mötəbər Beynəlxalq Konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulayıb.

Ə.Ələkbərli çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması, onun sələfi - 1989-cu ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən İdarə Heyətinin sədri bu məqsədə dialoq yolu ilə çatmaq əzmində olduqlarını bildirib.

İcma sədri özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələrin beynəlxalq hüquqla tanınmış qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydurduqlarına diqqət çəkərək, belə ikili standartlar və ayrı-seçkilik cəhdlərinin yolverilməz olduğunu bildirib.

Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb. O, Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi qələmə verilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bir daha bəyan edib, Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıb.

O, Azərbaycan hökumətinin sülh və barışıq səylərini təqdir edib, Qərbi Azərbaycan İcmasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya bu il 100-cü ildönümü qeyd edilən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açıb və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq, Ermənistandan azərbaycanlılarn qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürək ağrısı ilə qeyd edib. Z.Sırakaya Ermənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq öz evlərinə qayıtmaq haqqı olduğunu vurğulayıb.

AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib. Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq, gələcəyə baxmaq zamanı gəldiyini qeyd etmiş və Azərbaycanın sülh səylərinə dəstək ifadə edib.

Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd öz çıxışında beynəlxalq aləmdə köçkünlük problemi, onun səbəbləri və miqyası haqqında düşüncələrini bölüşüb. Qaçqın düşmüş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən natiq, Azərbaycanın məcburi köçkünlərin qayıdışı və reinteqrasiyası sahəsində təcrübəsinin maraq kəsb etdiyini bildirib.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam etdirir.

Tədbirdə Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edir.