Basarkeçər rayonunun Babacan kənd İcmasının təşkilatçılığı ilə tədbir keçirilib
22 mart 2026, 23:54

Martın 19-da Göyçə mahalının Basarkeçər rayonunun Babacan kənd İcmasının təşkilatçılığı ilə “Qorqud oylağının Bayram sevincləri” adlı tədbir keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, millət vəkilləri, ziyalılar, Basarkeçər rayonunun kənd icmalarının sədrləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Babacan kənd İcmasının sədri Mübariz Quliyev qonaqları salamlayaraq iştirakçıları bayram münasibətilə təbrik edib. O bildirib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin qorunması, icma üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında vurğulayıb ki, Novruz və Ramazan bayramları xalqımızın mənəvi birliyini, milli kimliyini və tarixi yaddaşını yaşadan ən qiymətli dəyərlərdəndir. O qeyd edib ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın bu ənənələri yaşatması onların doğma torpaqlara bağlılığının bariz nümunəsidir. Əziz Ələkbərli həmçinin bildirib ki, bu cür tədbirlər qayıdış ideyasının canlı saxlanmasına xidmət edir və gələcəkdə bu bayramların doğma yurd yerlərində daha böyük coşqu ilə qeyd olunacağına inamı gücləndirir.

Daha sonra çıxış edən Basarkeçər rayonu Bala Məzrə kənd İcmasının üzvü, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Qanlı kənd İcmasının üzvü, millət vəkili Rizvan Nəbiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, eləcə də Pəmbək, Sarıyaqub, Alay, Qoşabulaq və Şişqaya kənd İcmalarının sədrləri çıxış ediblər.

Natiqlər Qərbi Azərbaycanda əsrlər boyu təntənə ilə qeyd olunan bu bayramların zəngin ənənələrindən, xatirələrindən və mədəni irsin yaşadılmasının əhəmiyyətindən bəhs edərək iştirakçıları səmimi bayram münasibətilə təbrik ediblər.

Tədbirin bədii hissəsində Novruz adət-ənənələri canlandırılıb, kosa-keçəl səhnəcikləri təqdim olunub, yumurta döyüşü keçirilib.

Sonda iştirakçılar yallı gedərək bayram sevincini bölüşüblər.