BDU-da Qərbi Azərbaycan kökənli yüksək nəticə göstərən gənclərlə görüş keçirilib
24 oktyabr 2026, 19:44

Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən Qərbi Azərbaycan kökənli gənclərlə görüş keçirilib.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurası və BDU-nun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə gənclərin təhsil nailiyyətləri, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu müzakirə olunub.

Görüşdə ilk olaraq BDU-nun rektoru Elçin Babayev çıxış edib. O, Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın qorunmasının və bu istiqamətdə elmi araşdırmaların aparılmasının əhəmiyyətini vurğulayıb. Tələbəlik illərində yay tətillərini Dərələyəzdə keçirdiyini xatırladan rektor həmin torpaqlarla bağlı xatirələrini bölüşüb.

Elçin Babayev universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, mərkəzin fəaliyyəti bu bölgənin tarixi və mədəni irsinin öyrənilməsinə, elmi tədqiqatların genişləndirilməsinə yeni imkanlar yaradacaq.

Daha sonra söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. O, dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq Qərbi Azərbaycana qayıdış ideyasının gələcək nəsillərə çatdırılmasının, milli-mənəvi dəyərlərin qorunmasının və bu istiqamətdə ardıcıl fəaliyyətin vacibliyini qeyd edib.

Əziz Ələkbərli gənclərin qazandıqları bilik və bacarıqlarla ölkənin inkişafına xidmət etməli, dövlətin və xalqın maraqlarının qorunmasında fəal mövqe tutmalı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, yüksək nəticələri ilə seçilən gənclər gələcəkdə müxtəlif sahələrdə uğur qazanmaqla yanaşı, Qərbi Azərbaycana qayıdış ideyasının reallaşdırılması istiqamətində də mühüm rol oynaya bilərlər.

Ardınca Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, professor Misir Mərdanov çıxış edib. O, təhsilin və elmi biliklərin cəmiyyətin inkişafındakı roluna toxunaraq gənclərin nailiyyətlərinin zəhmətin, məqsədyönlü fəaliyyətin və davamlı öyrənmənin nəticəsi olduğunu bildirib. Professor gəncləri mövcud uğurlarla kifayətlənməməyə, biliklərini daim artırmağa və Azərbaycanın inkişafına xidmət edən yüksəkixtisaslı mütəxəssislər kimi yetişməyə çağırıb. O, gənclərin Qərbi Azərbaycana qayıdış prosesində də fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov gənc nəslin yetişdirilməsində təhsilin müstəsna əhəmiyyətini vurğulayıb. O, savadlı, vətənpərvər və yüksək peşə hazırlığına malik gənclərin Azərbaycanın gələcəyinin təminatçısı olduğunu diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova isə ana dilinin, milli-mədəni irsin və tarixi yaddaşın qorunması məsələsinə diqqət çəkib. O qeyd edib ki, müasir biliklərə yiyələnməklə yanaşı, gənclərin öz köklərini, tarixini və milli kimliyini dərindən tanıması da vacibdir. Yüksək nəticə göstərən gəncləri təbrik edən professor onları qazandıqları uğurları gələcək fəaliyyətlərində davam etdirməyə və milli-mənəvi dəyərlərə sadiq qalmağa səsləyib.

Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov gəncləri təbrik edib. O, qəbul imtahanlarında əldə olunan nəticələri əzmkarlığın, məqsədyönlülüyün və gələcəyə inamın göstəricisi kimi dəyərləndirib. Şahin İsmayılov gənclərin potensialının üzə çıxarılmasının, onların təhsil, elm və ictimai fəaliyyət sahələrində təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qəbul imtahanlarında 697,5 bal toplayan prezident təqaüdçüsü Zəfər İlqar oğlu Həsənli də çıxış edib. O, qazandığı uğurun gələcək fəaliyyəti üçün böyük məsuliyyət yaratdığını qeyd edib. Gənc əldə etdiyi bilik və bacarıqları Azərbaycan dövlətinin və xalqının inkişafına yönəltmək, eyni zamanda, Qərbi Azərbaycana qayıdış prosesində fəal iştirak etmək niyyətində olduğunu bildirib.

Tədbirin sonunda 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclər mükafatlandırılıblar.

Görüş xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.