Qərbi Azərbaycan İcması
İyunun 11-də Qərbi Azərbaycan İcmasında yazıçı-publisist Binnət Əsgərovun “Maqadan: sonuncu dayanacaq” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, elm adamları, ictimai xadimlər və repressiya qurbanlarının ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev, Vətən uğrunda canlarından keçən şəhidlər və repressiya qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimini giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitabın Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə həsr olunduğunu bildirib. O qeyd edib ki, əsərdə Sovet repressiyaları dövründə Sibirə və xüsusilə Maqadana sürgün edilən azərbaycanlıların taleyi geniş arxiv materialları əsasında araşdırılıb.
Əziz Ələkbərli vurğulayıb ki, müəllif uzun illər ərzində Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparıb, yüzlərlə sənəd və fotoşəkil toplayaraq ilk dəfə ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, kitab sürgün düşərgələrində insanların məruz qaldığı ağır şəraiti, mənəvi və fiziki əzabları bütün təfərrüatları ilə əks etdirir.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında “Maqadan: sonuncu dayanacaq” əsərinin sadəcə tarixi araşdırma deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm nəşr olduğunu bildirib. O qeyd edib ki, kitabı oxuduqca repressiya qurbanlarının taleyi, onların yaşadığı faciələr və həmin dövrün acı həqiqətləri daha aydın görünür.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, Azərbaycan xalqının çoxsaylı görkəmli ziyalıları və elm adamları totalitar rejimin qurbanı olub, onların həyat yolu və faciəli aqibəti bu gün də cəmiyyət üçün mühüm dərsdir. Onun sözlərinə görə, kitab həmin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur) çıxışında repressiyaların insan talelərində buraxdığı dərin izlərdən danışıb. O bildirib ki, sürgün edilən insanların əksəriyyəti ağır əmək düşərgələrində yaşamağa məcbur olub, onların bir çoxu vətənə qayıda bilməyib. Professor kitabın tarixi həqiqətlərin öyrənilməsi və yaddaşlarda yaşadılması baxımından mühüm mənbə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən yazıçı-publisist Şəmsi Qoca, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli, şair-publisist Hacı Loğman və sürgün olunmuş həkimlərdən biri – Zülfiqar Kərimovun nəvəsi Sevinc Qulubəyova da əsərin əhəmiyyətindən danışaraq müəllifin gördüyü tədqiqat işini yüksək qiymətləndiriblər.
Sonda kitabın müəllifi Binnət Əsgər çıxış edərək araşdırmanın ərsəyə gəlməsi prosesindən bəhs edib. O bildirib ki, “Maqadan: sonuncu dayanacaq” uzun illərin zəhmətinin nəticəsidir. Müəllif müxtəlif ölkələrin arxivlərində apardığı araşdırmalar, əldə etdiyi sənədlər və repressiya qurbanlarının ailələri ilə görüşlər əsasında kitabı hazırladığını qeyd edib.
Binnət Əsgər kitabın əsas məqsədinin Sovet repressiyalarının qurbanı olmuş azərbaycanlıların taleyini işıqlandırmaq, onların xatirəsini yaşatmaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.
Tədbir kitabın imzalanması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.