Qərbi Azərbaycan İcması
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Respublikamızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçıları salamlayaraq giriş nitqi ilə çıxış edən BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqı üçün həm tarixi həm də mənəvi əhəmiyyət daşıyan strateji məsələdir. Bu qayıdış həm vətəndaşların öz doğma yurdlarına dönməsini təmin edir, həm də regionun sosial-iqtisadi inkişafını gücləndirir. Qayıdış prosesinin planlı və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə konsepsiya hazırlanmışdır. Qayıdış konsepsiyası soyadşlarımızın öz doğma yurdlarına qayıdışı, infrastrukturun bərpası, yaşayış sahələrinin qurulması, sosial xidmətlərin təmin edilməsi və mədəni irsin qorunmasını nəzərdə tutur. Bu prosesdə Böyük Qarakilsə rayon icması fəal rol oynayır və öz kənd icmaları ilə sıx əməkdaşlıq edir. Digər kənd icmaları kimi Arçut kənd icması da qayıdışın təşviqi və həyata keçirilməsində öncül rol oynayır. Arçut kənd icmasının ofisinin açılmasının bu proseslərin daha sistemli və effektiv olmasına imkan yaradacığna əminliyini ifadə edən sədr çıxışının sonunda bu münasibətlə Arçut kənd icmasının sədri Rəfayət İsmayılova və icma üzvlərini təbrik edib.
Çıxış edən Arçut kənd icmasının sədri Rəfayət İsmayılov bildirib ki, Qərbi Azərbaycana qayıdış xalqımızın tarixi ədalətinin bərpası və milli kimliyimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu qayıdış həm də soydaşlarımızın öz doğma yurdlarına dönərək həyatlarını yenidən qurması deməkdir. Bu prosesdə kənd icmalarının fəaliyyəti xüsusi rol oynayır. Arçut kənd icması qayıdışın təşkilində və yerli səviyyədə həyata keçirilməsində önəmli mövqe tutur. Arçut kənd icması həm də qayıdışla bağlı maarifləndirici tədbirlərə öz dəstəyini hər zaman fəal şəkildə göstərir. Ofisin fəaliyyətə başlaması da bu proseslərdə kənd icmasının rolunu daha da gücləndirəcək.
Tədbir qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
Çıxışlardan sonra bir qrup şəhid ailə üzvlərinə və icma üzvlərinə Qərbi Azərbaycan Şəhidləri kitabı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.