“Böyük yolun davamı” adlı konfrans çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə həsr olunmuş mühüm nəşrin təqdimatı baş tutub
22 dekabr 2025, 21:34

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə həsr olunmuş “Böyük yolun davamı” adlı konfrans çərçivəsində mühüm nəşrin təqdimatı da baş tutub.

Belə ki, konfrans çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli və tədqiqatçı Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi ictimaiyyətə təqdim olunub.

Kitab barədə məlumat verən Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov bildirib ki, tədqiqatın əsas məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların mövcud vəziyyətini sənədləşdirmək, eləcə də həyata keçirilən diskriminasiya siyasətinin bu irs nümunələrinin durumuna təsirini qiymətləndirməkdir. O qeyd edib ki, hesabatda eyni zamanda Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi dinamikası əks olunub, bu fəaliyyətin nəticələrinin hüquqi aspektləri təhlil edilib və beynəlxalq hüquq normalarına əsaslanaraq Ermənistan Respublikasının daşımalı olduğu məsuliyyətə dair müddəalar irəli sürülüb.