“Böyük yolun davamı” adlı konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin çıxışı
22 dekabr 2025, 21:07

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği mövzusunda keçirilən “Böyük yolun davamı” adlı konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsini səciyyələndirən əsas cəhətlərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi strateji sülhyaratma siyasətidir. Onun sözlərinə görə, suverenlik konsepsiyası və tarixi ədalətin bərpasına yönəlmiş Qərbi Azərbaycana qayıdış ideyası dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Rektor qeyd edib ki, Qərbi Azərbaycan məsələsi həm Ermənistan–Azərbaycan münaqişəsinin aktiv fazasında, həm də tarixi Zəfərimizdən sonrakı mərhələdə Prezident İlham Əliyevin sülh ritorikasında dönə-dönə müraciət etdiyi və qətiyyətli mövqe ortaya qoyduğu mühüm mövzulardandır. Bu gün Azərbaycan dünya birliyində artıq yalnız enerji resurslarına malik ölkə kimi deyil, öz milli maraqlarını qorumağı bacaran, beynəlxalq hüquqa əsaslanan və strateji düşünən dövlət kimi qəbul olunur.

Elçin Babayev vurğulayıb ki, dövlət başçısı Qərbi Azərbaycana qayıdış məsələsini revizionist yanaşma kimi deyil, hüquqi-humanitar problem kimi formalaşdırıb. Bu mövqe üç əsas prinsip üzərində qurulub: sülh yolu ilə qayıdış, beynəlxalq hüquq və insan haqları çərçivəsində ləyaqətli qayıdış, tarixi aktlara və sənədlərə əsaslanan qayıdış. Rektorun sözlərinə görə, bu məsələ təkcə tarixi yaddaş problemi deyil, eyni zamanda konstitusion hüquqların bərpası məsələsidir və Prezident İlham Əliyevin mövqeyi yalnız tarixi-faktoloji deyil, həm də humanitar hüquq aspektini əhatə edir.

Rektor diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı mövqe və baxışlarını bir çox çıxışlarında, xüsusilə 2022-ci il dekabrın 24-də İcmanın rəhbər heyəti ilə görüşündə, eləcə də sonuncu dəfə cari ilin noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışında bir daha bəyan edib. Onun fikrincə, bu çıxış Qərbi Azərbaycan məsələsinin elmi əsaslandırılması baxımından strateji əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilər.

Elçin Babayev bildirib ki, həmin çıxışla Prezident İlham Əliyev elm və təhsil müəssisələrinə Qərbi Azərbaycan məsələsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu və onun elmi əsaslandırılmasının milli vəzifə daşıdığını açıq şəkildə mesaj verib. Rektor vurğulayıb ki, Bakı Dövlət Universiteti sistemli elmi-tədqiqat işləri aparmaqla, akademik və sosial-mədəni layihələr vasitəsilə bu istiqamətdə əhəmiyyətli töhfələr verməyi qarşıya məqsəd qoyub. Ötən il BDU-da yaradılan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin bu prosesdə xüsusi rol oynayacağı qeyd olunub.

Sonda rektor əlavə edib ki, Bakı Dövlət Universiteti Qərbi Azərbaycan məsələsində əsas intellektual mərkəzlərdən biri rolunu oynaya bilər. Universitetin bu prosesə potensial töhfələri xüsusi tədqiqat mərkəzinin fəaliyyəti, multidissiplinar elmi layihələrin icrası, beynəlxalq konfrans və simpoziumların təşkili, Qərbi Azərbaycanla bağlı xüsusi kurs və proqramların tədrisi və digər tədbirləri əhatə edəcək. O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası müasir mərhələdə yalnız siyasi iradə deyil, eyni zamanda elmi əsaslandırma, akademik tədqiqatlar və beynəlxalq hüquqi arqumentlər tələb edir və bu baxımdan ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutlarının üzərinə mühüm tarixi məsuliyyət düşür.