Qərbi Azərbaycan İcması
BP şirkəti Azərbaycan incəsənət tarixinin ən görkəmli simalarından biri, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvani haqqında kitabın nəşrinə dəstək verib. Böyük rəssamın anadan olmasının 200 illik yubileyinə həsr edilmiş kitab bu gün BP-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində dövlət və ictimaiyyət nümayəndələri ilə yanaşı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, eləcə də İcmanın digər struktur rəhbərləri və üzvləri də iştirak ediblər.
“Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında” adlı kitabın nəşri, Azərbaycan Prezidentinin Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilib.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsi olan Mirzə Qədim İrəvaninin əvəzsiz irsini Azərbaycan xalqı ilə birlikdə böyük ehtiramla qeyd etməkdən qürur duyur: “Mirzə Qədim İrəvani klassik orta əsr miniatür sənətinin dekorativ estetikası ilə realist dəzgah boyakarlığının prinsiplərini ahəngdar şəkildə birləşdirərək özünəməxsus bədii forma və orijinal üslub yaradıb”.
Onun sözlərinə görə, İrəvaninin Azərbaycanın təsviri sənətində dönüş nöqtəsi kimi dəyərləndirilən, rəssamlıqda ənənəvi dekorativ məktəbdən yeni, peşəkar realist yanaşmaya keçidi təmsil edən əvəzsiz irsi onu milli təsviri sənət tariximizdə xüsusi yüksək mövqeyə yüksəldib: “Ümid edirik ki, bu gün təqdim olunan kitab Azərbaycan sənətsevərləri tərəfindən rəğbətlə qarşılanacaq və bu böyük sənətkarın irsinin daha dərindən öyrənilməsinə və daha geniş tanıdılmasına dəyərli töhfə olacaq”.
Mirzə Qədim İrəvaninin irsi Azərbaycan təsviri incəsənəti tarixindəki əhəmiyyəti ilə yanaşı, həm də öz dövrünün tarixi, mədəniyyəti, həyat tərzi, memarlıq ənənələri və bədii üslubları barədə zəngin və əvəzsiz məlumatlar təqdim edir.
Kitab sənətkarın həm ornamental rəssam, həm də portretçi kimi bədii irsini əhatə edən geniş icmal təqdim edir. Nəşrdə onun həyatına və yaradıcılıq yoluna dair mühüm tarixi məlumatlar da yer alıb.
Eyni zamanda kitabda Mirzə Qədim İrəvaninin beynəlxalq muzey kolleksiyalarında qorunan əsərlərinə dair tədqiqatlar, saray interyerlərini bəzəyən sənət nümunələrinin təhlilləri, eləcə də onun bədii irsinin təkamülü və müxtəlif interpretasiyalarını araşdıran elmi məqalələr toplanıb. Bu materiallar bütövlükdə mühüm elmi və mədəni mənbə kimi dəyərləndirilir.
224 səhifədən ibarət, yüksək poliqrafik keyfiyyətlə hazırlanmış incəsənət və elmi tədqiqat nəşrinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlıdır. Ön söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov tərəfindən qələmə alınıb. Kitabda, həmçinin Mirzə Qədim İrəvaninin irsini müxtəlif dövrlərdə araşdırmış bir sıra tanınmış alimlərin tədqiqatlarından da istifadə olunub. Onların sırasında Azərbaycanın görkəmli sənətşünası, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum Ziyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov, Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov və digər tədqiqatçıların adları yer alır.