Qərbi Azərbaycan İcması
Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Mən, eyni zamanda, İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır. Bir şeyi də demək istəyirəm, bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.
2023-cü il, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
https://president.az/az/articles/view/58555
Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə İlham Əliyevin nitqi
16 mart 2023
https://president.az/az/articles/view/59195
Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Ümid edirəm ki, biz yekun mərhələyə çatacağıq. Proqnoz vermək çətindir. Mən bizdən asılı olan məsələlərlə bağlı proqnoz verə bilərəm. Ancaq biz danışıqlarla bağlı ümidliyik. Amma biz o qədər də nikbin deyil, real olmalıyıq.
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib
21 iyul 2023,
https://president.az/az/articles/view/60544
Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var.
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib