Dərələyəz mahalından olan yüksək nəticə göstərən gənclərlə görüş keçirilib
15 sentyabr 2026, 20:57

Qərbi Azərbaycan İcmasında 2025–2026-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Dərələyəz mahalından olan gənclərlə görüş keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli gəncləri təbrik edib. O, çıxışında bildirib ki, gənclərin əldə etdiyi yüksək nəticələr onların məqsədyönlü hazırlığının, davamlı təhsilinin, zəhmətinin və ailələrinin dəstəyinin nəticəsidir. Əziz Ələkbərli gənclərin uğurunun yalnız şəxsi nailiyyət olmadığını, eyni zamanda Dərələyəz mahalının adını yaşadan və gələcəyə ümid yaradan mühüm hadisə olduğunu vurğulayıb.

İcma sədri gənclərə müraciət edərək onları bundan sonra da bilik və bacarıqlarını inkişaf etdirməyə, seçdikləri ixtisas üzrə peşəkarlaşmağa çağırıb. O qeyd edib ki, ali təhsil illəri yalnız nəzəri biliklərin əldə edilməsi ilə məhdudlaşmamalı, gənclər ictimai proseslərdə fəal iştirak etməli, öz təşəbbüsləri ilə cəmiyyətə fayda verməlidirlər. Əziz Ələkbərli gənclərin Qərbi Azərbaycanın tarixi, milli-mədəni irsi və doğma torpaqlara qayıdış ideyası ilə bağlı biliklərini artırmasının vacibliyini də diqqətə çatdırıb. O bildirib ki, gələcəkdə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, tarixi yaddaşın qorunmasında və qayıdış konsepsiyasının həyata keçirilməsində savadlı, vətənpərvər və fəal gənclərin üzərinə böyük məsuliyyət düşür.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında gənclərin qarşısında duran vəzifələrdən danışıb. O vurğulayıb ki, müasir dövrdə uğur qazanmaq üçün yalnız bir ixtisas üzrə biliklərə yiyələnmək kifayət etmir. Gənclər xarici dilləri öyrənməli, rəqəmsal və informasiya texnologiyalarından səmərəli istifadə etməli, beynəlxalq əlaqələr qurmağı bacarmalıdırlar.

Professor Mahirə Hüseynova qeyd edib ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı faktların beynəlxalq auditoriyalara çatdırılması üçün gənclərin fəallığı xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu istiqamətdə çalışan gənclər məlumatları düzgün mənbələrə əsaslanaraq təqdim etməli, sosial şəbəkələrin və digər müasir informasiya platformalarının imkanlarından məqsədyönlü şəkildə yararlanmalıdırlar. O, tələbə adını qazanan gənclərə təhsil həyatlarında uğurlar arzulayıb və onları daim öyrənməyə, araşdırmağa və öz üzərlərində işləməyə çağırıb.

Daha sonra Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Səbinə Xasayeva öz fikirlərini bölüşüb. O gəncləri təbrik edib, yüksək nəticə göstərən gənclərin uğurlarının böyük zəhmət və əzmkarlığın nəticəsi olduğunu bildirib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. Səbinə Xasayeva gəncləri biliklərini daim artırmağa, ictimai həyatda fəal iştirak etməyə və əldə etdikləri nailiyyətləri ölkənin inkişafına yönəltməyə çağırıb.

Ardınca Qərbi Azərbaycan İcmasının Paşalı rayon İcmasının sədri, Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev də gəncləri təbrik edib. O bildirib ki, ali məktəbə qəbul olmaq böyük uğur olsa da, bu, gənclərin həyatında yeni və daha məsuliyyətli mərhələnin başlanğıcıdır. Faiq Xudayev tələbələri seçdikləri ixtisas üzrə dərin biliklər əldə etməyə, elmi araşdırmalara maraq göstərməyə və gələcək fəaliyyətlərində əldə etdikləri bilikləri ölkənin inkişafına yönəltməyə çağırıb.

O, Dərələyəz mahalının tarixinin, zəngin mədəni irsinin və görkəmli şəxsiyyətlərinin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Faiq Xudayev qeyd edib ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir gəncin vətəndaşlıq borcudur. Onun sözlərinə görə, mahalın tarixini və şəxsiyyətlərini tanıyan gənclər öz milli kimliklərini daha dərindən dərk edir və gələcəkdə bu irsin təbliğinə daha böyük töhfə verə bilirlər.

Görüş zamanı Dərələyəz mahalında gənclərlə işin təşkili üzrə məsul şəxs Anar İrzaquliyev təqdimatla çıxış edib. Daha sonra qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər – Keşkənd rayon İcmasını təmsil edən və 697 bal toplayan Əsədzadə Fikrət Yavət oğlu, eləcə də Paşalı rayon İcmasını təmsil edən və 690 bal toplayan Hüseynzadə Fidan İlham qızı çıxış edərək hazırlıq prosesi və gələcək planları barədə danışıblar. Tələbə adını qazanan gənclərdən Heydərli Firuzə Məhərrəm qızı və Əliyev Ayxan Hikmət oğlu da tədbirdə çıxış ediblər.

Tədbirdə “Unudulmayan Dərələyəz” adlı qısametrajlı videotəqdimat nümayiş etdirilib. Videoda Dərələyəz mahalının tarixi, təbiəti, yaşayış məntəqələri, milli-mədəni irsi və görkəmli şəxsiyyətləri barədə məlumatlar təqdim olunub. Həmçinin yüksək nəticə göstərən gənclərin təhsil göstəriciləri, seçdikləri ixtisaslar və gələcək hədəfləri barədə təqdimat keçirilib.

Sonda tələbə adını qazanan gənclərin mükafatlandırma mərasimi keçirilib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərə diplom və hədiyyələr təqdim olunub. Görüş iştirakçıları ilə xatirə fotosu çəkdirilib.