Qərbi Azərbaycan İcması
25 fevral 2023-cü il tarixdə Qərbi Azərbaycan İcmasında Dərələyəz rayonları icmalarının tədbiri keçirilib.
Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov tədbiri giriş sözü ilə açaraq Dərələyəz mahalının Paşalı və Keşişkənd İcmaları üzvlərini salamladı. Qərbi Azərbaycan İcmasının fəaliyyəti, məqsədləri, fəaliyyət istiqamətləri haqda məlumat verdi. Dərələyəz icması ilə görüşün konkret məqsədlərini izah etdi. Qərbi Azərbaycanın rayon və kəndləri üzrə icmaların yaradılmasının və bu icmalara nümayəndələrin şəffaf şəkildə həmin kənd və rayonların öz sakinləri və fəalları tərəfindən seçilməsinin əhəmiyyətini vurğuladı. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Qərbi Azərbaycan tarixi və həqiqətləri, adətləri haqda məlumatlılığın artırılması istiqamətində görülməli olan işlərdən danışdı.
Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Dərələyəz mahalı üzrə icma nümayəndələrini salamlayaraq onların üzərinə düşən məsuliyyətdən bəhs etdi. 1988-1991-ci illər qaçqın soydaşlarımızın siyahıyaalınmasının sürətləndirilməsinin vacibliyini vurğuladı. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və görüləcək işlər haqda sualları cavablandırıdı.
Bundan sonra Dərələyəz icmasının nümayəndələrinə söz verildi, onların fikir və təklifləri dinlənildi.
“Dərələyəz” qəzetinin baş redaktoru Raquf Kamilov çıxış edərək Qərbi Azərbaycan İcmasının yaradılmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, icmanın fəaliyyətinə hərtərəfli dəstək göstərilməlidir.
Ehtiyatda olan polkovnik Kamil Məmmədov çıxışında qərbi azərbaycanlıların başına gətirilən faciəvi hadisələrdən danışdı. Dünya ictimaiyyətinin bəzən bu hallara qarşı ikili standartlarla yanaşdığını qeyd elədi. 1990-cı illərin əvvəllərində Xocalıya səfər etmiş Baronessa Koksla olan görüşünü xatırladı.
Daha sonra ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Nağıqızı çıxış etdi və bildirdi ki, Dərələyəz və o torpaqlarla bağlı bütün gördükləri onun hafizəsində bir xatirə kimi qalıb. Həsən Mirzənin fəaliyyətinə toxundu. Onun anım günü olduğunu xatırlatdı.
Tədqiqatçı alim Nazir Əhmədli çıxış edərək Qərbi Azərbaycanın tarixi, o cümlədən Dərələyəz mahalının kameral təsvirlərinin araşdırılması sahəsində gördüyü işlərdən bəhs etdi. Qərbi Azərbaycan İcmasının işində yaxından iştirak etdiyini bildirdi.
Tədbir iştirakçılarından Nadir İsayev, Əbülfəs Əbilov, Məhəmməd Nəcəfli, Vaqif İsaoğlu və b. da çıxış etdilər, İcmanın fəaliyyətinə dəstək olacaqlarını, Qərbi Azərbaycana qayıdış prosesində fəal rol alacaqlarını, gənc nəslin təlim-tərbiyəsində Qərbi Azərbaycan məsələsinin qabardılması məsələlərinə xüsusi diqqət çəkdilər.
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidentinə, müzəffər Ali Baş Komandana Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə təşəkkürlər bildirildi. Eyni zamanda ölkə başçısının apardığı siyasətə dəstək ifadə olundu.
Çıxışlardan sonra Dərələyəz mahalının Paşalı və Keşişkənd icmalarına nümayəndələr təklif olundu və onların adları qeydə alındı.
Gələcəkdə də Dərələyəz İcmasının adından təşkilatlanma, idman tədbirlərinin keçirilməsi, gündəlikdə duran məsələlərin həlli istiqamətində irəli sürülmüş təkliflərin icrasına yönəlik adddımların atılması qərara alındı.
Tədbirdə Qərbi Azərbaycan İcmasının şöbə müdirləri Qalib Qasımov və Miraslan Bəkirli iştirak etdilər.