Qərbi Azərbaycan İcması
Oktyabrın 4-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rza Avşarın sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb. Qonaqları salamlayan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Fərhad Xəlilov Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndirib. O qeyd edib ki, Rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Rza Avşarın İcmaya hədiyyə etdiyi Rəvanqulu xanın portretini xatırladaraq vurğulayıb ki, Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir.
Digər çıxışçılar da qeyd edib ki, Rza Avşar fəaliyyət göstərdiyi illər ərzində boyakarlıq janrında özünəməxsus üslubda çox gözəl əsərlər yaradıb. Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır.
Prezident Administrasiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev isə bildirib ki, Avşar ailəsinin xəmiri mədəniyyətdən yoğrulub. Ədalət Vəliyev bundan sonrakı fəaliyyətində rəssama uğurlar arzulayıb.
Əməkdar rəssam Rza Avşar keçirilən sərginin onun 60 illik sənət yolunu əks etdirdiyini vurğulayıb. Rəssam eyni zamanda çəkdiyi portretlərdə rəsmin kompozisiyasının olduqca ifadəli və lakonik olmasına xüsusi diqqət yetirib.
Qeyd edək ki, Rza Avşar Muxtar oğlu 1949-cu ildə Gəncə şəhərində dünyaya gəlib. O, 1914-cü ildə İrəvanda doğulmuş Muxtar Avşarovun oğludur. Rza Avşarın 1974-cü ildən etibarən gənc rəssam kimi SSRİ miqyasında sərgiləri keçirilməyə başlayıb, Əzim Əzimzadə adına rəssamlıq məktəbinin məzunudur. 1981-ci ildən etibarən Ümumittifaq SSRİ çərçivəsində Rəssamlar İttifaqının üzvü olub. 1974-cü ildən bu günə qədər dünyanın müxtəlif ölkələrində əsərləri sərgilənməkdədir. Rza Avşar 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb, çəkdiyi əsərlər bu gün də Azərbaycanın Fransada və Rusiyadakı səfirliklərində sərgilənir.