Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı qurumun “Qərbi Azərbaycan” sərgisinə qarşı böhtan və təhdidlərlə dolu reaksiyası ilə əlaqədar bəyanat
23 aprel 2025, 18:15

Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. 

Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim edilmiş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır. 

Bu günlərdə Erməni Apostol Kilsəsi və əsas hədəfi guya mədəni irsin qorunması olan “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu bəyanatlar yayıblar. 

Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana olmazın iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır. 

Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayır və beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün bu dövlətə təzyiq etməyə çağırır.