Qərbi Azərbaycan İcması
Martın 28-də Qərbi Azərbaycan İcmasında (QAİ) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin müəllifi olduğu “Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli nəşrin əhəmiyyətindən danışıb. O, son 200 ildə tarixi torpaqlarımızda ermənilərin məskunlaşmasından sonra mədəni irsimizin soyqırımına məruz qaldığını qeyd edib. Tarixi torpaqlarımıza qayıdışın mühüm olduğunu bildirən QAİ sədri deyib: “Bizim tarixi torpaqlarımıza fiziki qayıdışımızın təməlində mənəvi qayıdışımız dayanır. Bu məsələdə hər birimizin üzərinə çox böyük iş düşür. Biz adət-ənənələrimizi xeyli dərəcədə itirmək məcburiyyətində qalmışıq. Qərbi Azərbaycanda yallıların növləri çoxdur. Eyni zamanda, Qərbi Azərbaycanda zəngin aşıq sənəti mərasimləri olub. Erməni toplumu yerli xalqların adət-ənənələrinə mədəniyyətinə sahib çıxmağa çalışıblar”.
Kitabın elmi redaktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə çıxışında hər kəsin Qərbi Azərbaycan ocağına töhfə vermək məqsədi daşıdığını qeyd edib. O, bu kontekstdə iki kitabın işıq üzü gördüyünü bildirib. G.Abdullazadə birinci kitabın "Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları" olduğunu, digər nəşrin isə xarici dillərdə Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə buraxıldığını vurğulayıb. Müəllif kitabın ərsəyə gəlməsinə xeyli zamanın sərf olunduğunu, bunun Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu nəzərə çatdırıb. Elmi redaktor kitabın ərsəyə gəlməsində Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının məşğul olduğunu qeyd edərək Rauf Bəhmənlinin məlumatları bütün bölgələri gəzərək topladığını qeyd edib.
Çıxış edən kitabın müəllifi Rauf Bəhmənli Azərbaycanda sovet dövründən başlayaraq yallı janrının araşdırıldığını deyib: “Mən ona görə şanslıyam ki, digər bölgələrimizin yallılarını da araşdırmışam. Bizim 200 adda yallımız olub. Amma mən Azərbaycan ərazisində 100 adda yallı toplaya bilmişəm. Həmçinin Qərbi Azərbaycana aid 45 yallı əldə etmişəm. Mən Qərbi Azərbaycanın tanınmış ifaçıları ilə görüşüb həmin yallılar barədə məlumatlar əldə etmişəm”.
Kitabın müəllifi nota alınmış 43 yallının musiqiçilər tərəfindən öyrənilib tədris olunmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, Qərbi Azərbaycan İcmasının tərkibində Qərbi Azərbaycan yallılarının öyrənilməsi ilə bağlı məktəbin açılmasını da təklif edib.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri Faiq Xudayev çıxışında gənc nəslin yallılar haqqında məlumatlı olmadığına diqqət çəkib. O, bu kitabı insanların beynində yaşatmaq üçün mütləq formada əyani şəkildə təbliğata ehtiyac olduğunu vurğulayıb. F.Xudayev yallıları öyrənmək üçün iki musiqi məktəbinin yaradılmasını da təklif edib.
Digər çıxış edənlər də müəllifin təqdim etdiyi məcmuənin mövzu baxımından bu gün çox aktual problemlərdən sayılan xalq musiqimizə qarşı erməni saxtakarlığından bəhs etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, kitabda vaxtilə Qərbi Azərbaycan ərazisində xalqımız tərəfindən yaradılmış və sevilə-sevilə oynanılmış yallı rəqslərimizin sonradan ermənilər tərəfindən müxtəlif yollarla saxtalaşdırılaraq mənimsənilməsi haqqında geniş məlumatlar açıqlanır.
Uzun zaman ərzində yallı havalarımızın adlarını erməni adları ilə dəyişən, onların melodik məzmununa yad intonasiyalar daxil edən, eləcə də çox bərbad səviyyədə xoreoqrafik quruluş verərək səhnələşdirən ermənilər bu rəqslərin onlara məxsus olduğunu “sübut etməyə” çalışmışlar. Məcmuədə məhz belə saxtalaşdırılmış rəqslərimizə qarşı ermənilərin plagiat faktları ifşa edilmiş, “Köçəri”, “Tənzərə”, “Ağbulaq”, ikinci adı “Teymur ağa” olan “Babacan”, “Çəmənkənd”, “Tamaşa” (“Dəsmal yallısı” da deyilir), “Mərcanlar”, “Gümrü”, “Paşa köçdü” (Cüt ayaq) yallılarının Azərbaycan xalq musiqisi olduğu tutarlı tarixi faktlarla, not yazı nümunələri ilə sübuta yetirilib.
Bildirilib ki, bu kitabın dəyərli xüsusiyyətlərindən biri də artıq unudulmuş, hafizələrdən silinmə təhlükəsində qalmış və ilk dəfə müəllif tərəfindən tədqiq olunan 43 yallı rəqsinin not yazısının işıqlandırılmasıdır. Bu rəqslərin düzgün, orijinal melodiyasının əldə edilməsi və sonrakı nəslə olduğu kimi ötürülməsi gələcəkdə onların təhrif olunmasının, plagiata məruz qalmasının qarşısını alacaq.
Qeyd edək ki, kitabın rəyçiləri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyevdir. Kitab Paşalı rayon icmasının layihə rəhbərliyi və maliyyə dəstəyi ilə çap olunub.