“Erməni vandalizmi ilə yaşanan tarix və xatirələrim” kitabının təqdimatı keçirilib
12 mart 2026, 21:19

Martın 12-də Qərbi Azərbaycan İcmasında tədqiqatçı və ziyalı Əmiraslan Cəfərovun “Erməni vandalizmi ilə yaşanan tarix və xatirələrim.Göyçə–Basarkeçər–Kərkibaş” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə alimlər, ictimai xadimlər, ziyalılar iştirak ediblər.

Təqdimatda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi azərbaycanlıların tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi üçün belə nəşrlər xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, illər boyu Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın həyat hekayələri, onların mədəni mühiti, adət-ənənələri və qarşılaşdıqları faciələr sənədləşdirilməli və ictimaiyyətə çatdırılmalıdır. Sədr vurğulayıb ki, bu kimi kitablar yalnız xatirələr toplusu deyil, həm də tarixi faktların qorunmasına xidmət edən qiymətli mənbələrdir və milli yaddaşın formalaşmasına töhfə verir.

Daha sonra çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər bildirib ki, kitab Göyçə mahalının zəngin tarixi və mədəni mühitini, eləcə də həmin bölgədə yaşamış insanların həyat yolunu əks etdirən mühüm mənbədir. O, yurdundan didərgin düşmüş insanların xatirələrinin yazıya alınmasının tarix üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru İsrail Məmmədov çıxışında əsərin Qərbi azərbaycanlıların keçmiş həyatını və yaşadıqları çətin hadisələri canlı xatirələr vasitəsilə təqdim etdiyini bildirib. O, xüsusilə Göyçə mahalının Kərkibaş kəndinin yetişdirdiyi ziyalılar və kənd məktəbinin yetirmələri haqqında məlumatların kitabda geniş yer aldığını qeyd edib.

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi isə kitabda Göyçə aşıq mühitinin izlərinin və bölgənin zəngin folklor yaddaşının əks olunduğunu diqqətə çatdırıb. O bildirib ki, əsərdə Qərbi Azərbaycanda, xüsusilə Kərkibaş kəndində formalaşmış adət-ənənələr və mədəni mühit haqqında dəyərli məlumatlar yer alır.

QAİ Ziyalılar Şurasının üzvü, Sətənəxaç kənd icmasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibov kitabın Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması baxımından əhəmiyyətini, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov isə əsərin xatirələr toplusu olmaqla yanaşı, həm də Qərbi Azərbaycanda baş vermiş tarixi hadisələrin qələmə alınması baxımından dəyərli mənbə olduğunu vurğulayıblar.

Çıxış edənlər qeyd ediblər ki, bu kimi nəşrlər gənc nəslin tarixi yaddaşının formalaşmasında, milli kimlik şüurunun möhkəmlənməsində və doğma yurd yerləri haqqında həqiqətlərin yaşadılmasında mühüm rol oynayır. Bildirilib ki, kitab Qərbi azərbaycanlıların keçdiyi tarixi yolun və doğma torpaqlardan məcburi köçün şahid xatirələri əsasında təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində aşıq sənətindən nümunələr də səsləndirilib. Aşıq Pəmbəkli Lətif Göyçə aşıq mühitinə aid ifaları ilə tədbir iştirakçılarına musiqili proqram təqdim edib.

Sonda kitabın müəllifi Əmiraslan Göyçəli çıxış edərək bildirib ki, əsərin yazılmasında əsas məqsəd doğma yurd yerləri ilə bağlı xatirələri, yaşanmış hadisələri və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır. Müəllif qeyd edib ki, kitabın hazırlanması bir neçə illik zəhmətin nəticəsidir və burada həm şəxsi xatirələr, həm də arxiv materialları toplanıb. O vurğulayıb ki, nəşr həm də Göyçə mahalının tanınmış ziyalısı, folklor bilicisi və el şairi Məşədi Zeynalabdin Mahmudoğlunun xatirəsinə həsr olunub.

Qeyd edək ki, “Erməni vandalizmi ilə yaşanan tarix və xatirələrim. Göyçə–Basarkeçər–Kərkibaş” kitabında Qərbi Azərbaycanın tarixi, Göyçə mahalının mədəni mühiti və həmin bölgədə yaşamış azərbaycanlıların həyatından bəhs edən xatirələr və tarixi faktlar toplanıb.