Qərbi Azərbaycan İcması
Ermənistan, Aİ, Fransa və Almaniyanın Qranadada verdikləri bəyanat ayrı-seçkilik xarakteri daşıyır.
Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniyanın liderlərinin 5 oktyabr 2023-cü il tarixində İspaniyanın Qranada şəhərində verdikləri ayrı-seçkilik xarakterli bəyanatla bağlı dərin məyusluğumuzu və narahatlığımızı bildiririk. Onlar Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq üçün bərabər və legitim hüquqlarını tanımaqdan imtina ediblər. Geri qayıtmaq hüququmuzu inkar edən bu yanlış və birtərəfli bəyanat bizim iztirablarımızı dərinləşdirməklə yanaşı, regionda gərginliyi daha da artırır və davamlı sülhün və barışığın əldə edilməsinə mane olur.
Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistana, Aİ-yə və onun üzv dövlətlərinə müraciət edərək, ata-baba torpaqlarımıza təhlükəsiz və ləyaqətlə qayıtmağımıza imkan yaratmağı xahiş edib. Təəssüflər olsun ki, bu müraciətlərimiz biganəlik və sükutla qarşılanıb. Qranadada yaydıqları qərəzli bəyanat ilə Aİ və onun bəzi üzv dövlətləri Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə faktiki olaraq dəstək veriblər.
Biz Ermənistanı, Aİ-ni, Fransanı və Almaniyanı öz mövqelərinə yenidən baxmağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını tanımağa çağırırıq.