Qərbi Azərbaycan İcması
29 mart 2024-cü il tarixində ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi - bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur.
Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. Belə ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir.
Ermənistan hökumətinin beynəlxalq məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırması və bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparması regionda vəziyyəti gərginləşdirir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən bu addımlarına son qoymağı tələb edir. Belə təxribatçı əməlləri əvəzinə, Ermənistan diqqətini öz ərazisindən qovduğu azərbaycanlıların qayıdışına, onlara qarşı törədilmiş hüquq pozuntularının araşdırılmasına və nəticələrinin aradan qaldırılmasına yönəltməlidir.
Qərbi Azərbaycan İcması həmçinin Fletçer Məktəbini belə bir təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırır.