Qərbi Azərbaycan İcması
Ermənistanın baş naziri Nikol Paşinyanın “ordu” günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir. Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür. Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri birinci və ikinci dünya müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.
Ermənistan prezidenti və parlament sədrinin “ordu” günü münasibətilə açıqlamalarında işğalçı birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, ikinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer almışdır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.
Bundan əlavə, bir sıra qərb ölkələrinin “ordu” günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur.