Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır
09 noyabr 2024, 13:30

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyduqdan sonra xalqa müraciət etdi. Dövlətimizin başçısının bu müraciəti son 4 ildə görülən işlərin hesabatı kimi də xarakterizə oluna bilər. Zəfər bayramı münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan bildirdi ki, bu Qələbə heç də asanlıqla başa gəlməyib. Bu şanlı tarixi Azərbaycan xalqı öz qanı və gücü ilə yazıb, bu yolda minlərlə igid övladını qurban verib. Bu yolda şəhadətə yüksəlmiş şəhidlərimizə Allahdan rəhmət diləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bundan sonra da xalq, millət olaraq öz gücümüzə inamla, Vətənə sədaqət andımıza sadiq qalaraq mübarizəmizi davam etdirəcəyik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib. O bildirib ki, 30 il işğal altında, düşmən tapdağında qalan əzəli və əbədi yurd yerlərimizin bu vəziyyətdə qalmasına xalqımız dözmürdü və dözə də bilməzdi. “Erməni havadarları hamını inandırmağa çalışırdılar və dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da, Azərbaycan xalqını təslimçiliyə alışdırmaq, öz torpaqlarından könüllü imtinaya hazırlamaq istəyirdilər. Lakin Ulu Öndər Heydər Əliyevin cızdığı strategiya ardıcıl olaraq həyata keçirilir, xarici siyasətdə və diplomatiya sahəsində bu böyük şəxsiyyətin müəyyən etdiyi prioritetlər qorunurdu. Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunda yeni bir dönəm başladı və özünün qeyd etdiyi kimi, o, hər gün, hər saat müharibəyə – torpaqlarımızın azad olunması yolunda mübarizəyə hazırlaşırdı. Məhz bu mübariz sərkərdənin rəhbərliyi ilə güclü ordu yaradılır, iqtisadi inkişafı təmin edilirdi. Çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkinin böyüklüyü, beynəlxalq tribunalardan haqqımızın qətiyyətlə tələb edilməsi, xalq-iqtidar birliyi, mübariz gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bunun nəticəsi olaraq dövlətimizin başçısının dediyi kimi, cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərib. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.”

"Çox təəssüflər olsun ki, öz xalqının düşməni olan bir sıra erməni siyasətbazları hələ də müəyyən güclərin arxasında gizlənərək revanşist siyasət yürüdür, öz “ağaları”nın diktəsi ilə yenə də bölgədə fitnə-fəsad yaratmaq üçün münbit şərait gözləyirlər. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı və dövləti 30 il bundan əvvəlki xalq və dövlət deyildir. İndi bizim ən güclü ordularla müqayisə edilə bilən ordumuz, ölümün gözünə dik baxan mərd oğullarımız, ən əsası xalqla iqtidarın birliyini təmin edərək alınmaz qala quran və informasiya müharibəsində təkbaşına döyüşən Müzəffər sərkərdəmiz – Ali Baş Komandan İlham Əliyev kimi müdrik rəhbərimiz var. Onun sözü və əməli arasında fərqin olmadığını dünya birliyi birmənalı şəkildə gördü və qəbul etdi. Onun son sözü isə belədir: “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”, - deyə o əlavə edib.

Deputat bildirib ki, Vətən müharibəsinin 44 gününü özündə simvolizə edən, tariximizin qızıl səhifəsinə çevrilən 44 tağlı Zəfər parkının yaradılması xalqımızın və dövlətimizin gələcəyi olan gənc nəslin milli ruhda, vətənpərvərlik ideyaları əsasında yetişməsi baxımından müstəsna əhəmiyyətə malikdir: “Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin xalqa, Vətənə, dövlətə sevgisini, mübarizə əzmini, cəsarətini, şücaətini gördük. Bu, bizdə böyük qürur hissi yaratdı. Biz, eyni zamanda, dövlət tərəfindən atılan addımların nəticəsində vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyimizin gələcəyinin güvəndə olduğunu gördük, duyduq və yaşadıq. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır”.

İcma sədri vurğulayıb: “Prezident İlham Əliyevin açılış nitqinin sonunda söylədiyi “Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır” fikri Azərbaycan xalqı üçün gələcəyə baxış strategiyasıdır, onu nurlu sabahlara aparan lokomotivdir”.

https://azertag.az/xeber/eziz_elekberli_azerbaycan_xalqini_geleceye_aparan_lokomotiv_oz_mudrik_rehberine_olan_inamdir-3268636