Qərbi Azərbaycan İcması
Konqres-festivalda çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyəti, Qərbi Azərbaycan İcmasının fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı fikirlərini bölüşüb.
O, Qərbi Azərbaycandan müxtəlif dövrlərdə deportasiya və etnik təmizləmə siyasətinə məruz qalmış soydaşlarımızın hüquqlarının bərpasının mühüm milli məsələ olduğunu vurğulayaraq, onların öz doğma torpaqlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinin İcmanın əsas məqsədi olduğunu bildirib.
Natiq qeyd edib ki, son illərdə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülüb, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib və bu məsələnin dünya gündəmində daha geniş yer almasına nail olunub. O, Qərbi Azərbaycan İcmasının qısa müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş fəaliyyət göstərdiyini, tarixi həqiqətlərin təbliği və qayıdış hüququnun müdafiəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Əziz Ələkbərli çıxışında Azərbaycanın son illərdə əldə etdiyi uğurlara da toxunaraq, ölkənin siyasi və iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionda yeni reallıqlar formalaşdırdığını, milli maraqların qətiyyətlə qorunduğunu və tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Çıxışında bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayan İcma sədri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqların əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, dayanıqlı sülhün əsas şərtlərindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarının tanınması və onların doğma yurdlarına qayıdışına şərait yaradılmasıdır.
Sonda Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının xalqımızın milli yaddaşında və milli hədəfləri sırasında xüsusi yer tutduğunu vurğulayaraq, bu istiqamətdə fəaliyyətin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirib, konqres-festivalın təşkilində əməyi olan qurumlara təşəkkür edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.