Qərbi Azərbaycan İcması
Tarixi torpaqlarımızdan didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın məruz qaldığı faciələrə birbaşa Naxçıvan və bu qədim yurd şahidlik edib. Bu baxımdan, keçirdiyimiz tədbirlərin məhz burada təşkil olunması qarşı tərəfə ünvanlanan mühüm mesajdır. Bu tədbirlər soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacağına olan inamın və qətiyyətin bariz ifadəsidir.
Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
O qeyd edib ki, festival-konqres çərçivəsində Qərbi Azərbaycana məxsus zəngin mədəni irsin nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır: "Bununla dünyaya çatdırırıq ki, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımız əsrlər boyu zəngin maddi və mənəvi irs formalaşdırıblar. Bu insanların öz doğma yurdlarına qayıtması həm onların fundamental insan hüququ, həm də beynəlxalq hüququn tanıdığı qanuni haqqıdır. Heç bir beynəlxalq norma və ya hüquqi prinsip bu insanların öz doğma evlərinə qayıtmaq hüququnu inkar edə bilməz".
Əziz Ələkbərlinin sözlərinə görə, bu gün Ermənistan rəhbərliyi qayıdış hüququnu tanımaqdan yayınmağa çalışır. Lakin Prezident İlham Əliyevin bölgədə yaratdığı yeni reallıqlar qarşı tərəfə açıq mesaj verir ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı qaçılmazdır. Ermənistan rəhbərliyi gec olmadan bu tarixi həqiqəti dərk etməli, soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır.
"Prezidentin də vurğuladığı kimi, öz yurdlarımıza sülh yolu ilə qayıtmaq istəyirik. Bölgədə yenidən müharibənin baş verməsini arzulamırıq. Qarşı tərəf də bu sülhpərvər mövqeyimizi düzgün qiymətləndirməli, onu zəiflik deyil, sülh və əməkdaşlıq iradəsinin təzahürü kimi qəbul etməlidir. Ermənistan bu reallığı anlayaraq Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıdışına razılıq verməli və bunun təmin olunmasına öz töhfəsini göstərməlidir", - deyə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri əlavə edib.
Qeyd edək ki, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi keçirilir.
https://azertag.az/xeber/eziz_elekberli_ermenistan_rehberliyi_soydaslarimizin_sulh_ve_qarsiliqli_anlasma_seraitinde_oz_dogma_torpaqlarina_qayidisina_serait_yaratmalidir-4269703