Qərbi Azərbaycan İcması
“2026-cı il Azərbaycanda Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsinin elan olunmasına həsr edilmiş mətbuat konfransı keçirilib.
Konfransda Qərbi Azərbaycan İcmasının nümayəndələri, media təmsilçiləri və layihənin tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, miillət vəkili Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası yeni layihəyə start verir. Onun sözlərinə görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi gənc nəslin tarixi yaddaşının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İcma sədri son 200 il ərzində tarixi torpaqlarımızda təkcə Azərbaycan xalqı deportasiya, soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmayıb, eyni zamanda xalqımıza məxsus maddi və mənəvi irs nümunələri də erməni vandalizmi nəticəsində dağıdılıb, saxtalaşdırılıb və mənimsənilib.
O bildirib ki, Qərbi Azərbaycanda minilliklər boyu əcdadlarımız tərəfindən yaradılmış çoxsaylı tarixi, dini, mülki və hərbi abidələr mövcud olub. Həmin abidələrin bir qismi ermənilər tərəfindən dağıdılıb, bir qismi isə sonradan dəyişdirilərək dünya ictimaiyyətinə erməni mədəni irsi kimi təqdim edilməyə çalışılıb.
İcma sədri vurğulayıb ki, həmin ərazilərdəki tarixi abidələr müxtəlif dövrləri əhatə edir. Bu abidələr sırasında islamdan əvvəlki dövrə aid qədim nümunələr, xristianlıq dövrü abidələri və islam mədəniyyəti ilə bağlı irs nümunələri yer alır. O qeyd edib ki, tarixçilərin və tədqiqatçıların araşdırmaları həmin coğrafiyada ermənilərin sonradan məskunlaşdırıldığını və bir çox tarixi abidələrin onlara aid olmadığını təsdiqləyir.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının əsas məqsədlərindən biri xalqımıza məxsus milli-mənəvi dəyərlərə, tarixi irsə və maddi-mədəni sərvətlərə sahib çıxmaqdır. Onun sözlərinə görə, İcma yarandığı gündən Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirir.
Deputat qeyd edib ki, bu layihənin əsas hədəflərindən biri də Qərbi Azərbaycan həqiqətlərinin məktəblilərə, gənclərə və geniş ictimaiyyətə çatdırılmasıdır. O vurğulayıb ki, ilk növbədə daxili auditoriya öz tarixi torpaqları və milli irsi barədə həqiqətləri dərindən bilməli, daha sonra isə bu həqiqətlər dünya ictimaiyyətinə təqdim olunmalıdır.
Əziz Ələkbərli layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O əminliyini ifadə edib ki, layihə məktəblilər arasında Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliği baxımından mühüm rol oynayacaq.