Əziz Ələkbərli: “Prezident İlham Əliyev Azərbaycanın yeni siyasi tarixini yazan liderdir”
25 avqust 2026, 12:00

“Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.”
 
                                                                          Prezident İlham Əliyev

Azərbaycan son iyirmi ildən artıq müddətdə böyük siyasi, iqtisadi və geosiyasi dəyişikliklər yolu keçib. Bu dövr ölkənin yalnız daxili inkişafında deyil, beynəlxalq münasibətlər sistemindəki mövqeyində də ciddi dönüşlərlə yadda qalıb. Azərbaycanın siyasi həyatının bu mərhələsi, ilk növbədə, dövlətçilik xəttinin davamlılığı, milli maraqların ardıcıl müdafiəsi və qarşıya qoyulan strateji məqsədlərə mərhələli şəkildə çatılması ilə xarakterizə olunur.

Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin müxtəlif mərhələləri, xüsusilə Qarabağ məsələsində uzunmüddətli diplomatik və siyasi mübarizə, Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və 2020-ci ilin tarixi Zəfəri bu yolun mühüm səhifələridir.

deportasiya.az olaraq bu dəfə Qərbi Azərbaycan məsələsindən deyil, Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətindən, onun liderlik xüsusiyyətlərindən, Azərbaycanın son iyirmi ildən artıq müddətdə keçdiyi siyasi yoldan və ölkənin qarşısında açılan yeni geosiyasi perspektivlərdən danışdıq. Suallarımızı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə ünvanladıq.

 

– Əziz müəllim, Cənab Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. O dövrdə ölkənin qarşısında duran əsas vəzifələri və Cənab Prezidentin bu vəzifələrə yanaşmasını necə xarakterizə edərdiniz?

– Cənab Prezident İlham Əliyevin prezident seçildiyi dövrdə Azərbaycan artıq müstəqil dövlətçilik yolunda müəyyən təcrübə toplamışdı, lakin qarşıda çox ciddi vəzifələr dayanırdı. Ölkənin iqtisadi potensialını artırmaq, dövlət institutlarını möhkəmləndirmək, sosial problemləri həll etmək, beynəlxalq mövqeləri gücləndirmək və ən başlıcası, Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı ağır nəticələri aradan qaldırmaq lazım idi.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik təməllərini formalaşdırmışdı. Cənab Prezident İlham Əliyevin qarşısında isə həmin təməllər üzərində daha güclü, daha müasir və daha geniş imkanlara malik dövlət qurmaq vəzifəsi dayanırdı. Cənab Prezidentin fəaliyyətinə bütövlükdə nəzər salanda görürük ki, bu məqsədlər bir-birindən ayrı deyil, vahid strateji xəttin tərkib hissələri kimi həyata keçirilib.

İlk illərdən etibarən iqtisadiyyatın inkişafına, enerji və nəqliyyat layihələrinə, ordu quruculuğuna və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsinə paralel diqqət yetirilməsi də təsadüfi deyildi. Bu siyasətin nəticələri sonrakı illərdə özünü daha aydın göstərdi.

– Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirmək Cənab Prezident İlham Əliyevin qarşısında duran əsas məsələlərdən biri idi. Sizcə, Cənab Prezident bu kursu sadəcə davam etdirdi, yoxsa zaman keçdikcə onu yeni tarixi şəraitə uyğun olaraq yeni mərhələyə daşıdı?

– Məncə, burada söhbət sadəcə siyasi kursun mexaniki davam etdirilməsindən getmir. Əgər belə olsaydı, Azərbaycanın son iyirmi ildən artıq müddətdə keçdiyi böyük dəyişiklikləri izah etmək çətin olardı.

Heydər Əliyev siyasi kursunun əsas mahiyyəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, güclü dövlətçilik və balanslı xarici siyasət idi. Cənab Prezident İlham Əliyev bu prinsipləri qorumaqla yanaşı, onları dəyişən dünya reallıqlarına uyğunlaşdırdı. Yeni enerji xəritəsinin formalaşması, Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində rolunun artması, Türk dünyası ilə əlaqələrin dərinləşməsi və ölkəmizin hərbi-siyasi imkanlarının güclənməsi artıq yeni mərhələnin göstəriciləridir.

Yəni siyasi varisliklə siyasi yenilənmə burada bir-birinə zidd deyil. Əksinə, biri digərini tamamlayır.

– Cənab Prezident İlham Əliyevin siyasi portretində hansı xüsusiyyətlər onun prezidentliyinin ilk illərindən özünü göstərməyə başladı?

– Mən ilk növbədə strateji düşüncə və məqsədə doğru ardıcıl hərəkət etmək xüsusiyyətini qeyd edərdim. Bəzi siyasi proseslərin nəticəsini dərhal görmək mümkün olmur. Dövlət siyasətində bəzən bu gün atılan addımın nəticəsi illər sonra ortaya çıxır. Cənab Prezident İlham Əliyevin fəaliyyətində belə uzunmüddətli yanaşmanı kifayət qədər aydın görmək mümkündür.

Digər mühüm xüsusiyyət siyasi iradədir. Çünki dövlətin qarşısında duran böyük məqsədləri müəyyənləşdirmək bir məsələdir, həmin məqsədlərə çatmaq üçün uzun müddət ardıcıl siyasət aparmaq isə tamam başqa məsələdir.

Cənab Prezidentin siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər saldıqda iqtisadi gücün yaradılması, ordunun modernləşdirilməsi, diplomatik mövqelərin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi kimi istiqamətlərin bir-birini tamamladığını görürük.

– Cənab Prezidentin iqtisadi siyasəti ilə Azərbaycanın siyasi müstəqilliyi arasında hansı əlaqəni görürsünüz?

– Güclü iqtisadiyyat olmadan müstəqil siyasət yürütmək çətindir. Bu, dövlətçilik tarixinin dəyişməz həqiqətlərindən biridir. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə başlayan proses sonradan daha geniş iqtisadi və geosiyasi layihələrə çevrildi.

Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələr Azərbaycanın iqtisadi gəlirlərini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq əhəmiyyətini də yüksəltdi. Azərbaycan artıq enerji xəritəsində sadəcə resurs ixrac edən ölkə deyil, Avropanın enerji təhlükəsizliyində rol oynayan tərəfdaşlardan biridir.

Bu isə siyasi müstəqillik üçün mühüm amildir. Çünki iqtisadi baxımdan güclü dövlətin öz milli maraqlarını müdafiə etmək imkanları da geniş olur.

– Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan həm regionda, həm də beynəlxalq münasibətlər sistemində daha fəal aktora çevrildi. Bu dəyişimin arxasında hansı siyasi strategiya dayanırdı?

– Burada bir neçə istiqamətin vəhdətini görürəm. Bir tərəfdən Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdüb, digər tərəfdən müxtəlif dövlət və güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışıb.

Azərbaycan heç bir güc mərkəzinin qarşısında öz milli maraqlarından imtina edən dövlət kimi çıxış etməyib. Əksinə, müxtəlif tərəflərlə əməkdaşlıq etməklə özünün manevr imkanlarını genişləndirib.

Bu siyasətin nəticəsində Azərbaycan həm regional məsələlərdə söz sahibi olub, həm də enerji, nəqliyyat, təhlükəsizlik və digər istiqamətlərdə beynəlxalq tərəfdaşların maraq göstərdiyi ölkəyə çevrilib.

– Cənab Prezident İlham Əliyevin Şərq və Qərb arasında balans siyasətini necə qiymətləndirirsiniz?

– Azərbaycan üçün balans siyasəti sadəcə müxtəlif dövlətlərlə münasibət saxlamaq demək deyil. Bu, ilk növbədə milli maraqların qorunması deməkdir. Azərbaycanın həm Avropa ilə, həm Türkiyə və Türk dünyası ilə, həm Rusiya ilə, həm də digər dövlətlərlə münasibətləri var. Bu münasibətlərin hər birinin öz xüsusiyyəti və istiqaməti mövcuddur.

Cənab Prezidentin xarici siyasətində əsas prinsip Azərbaycanın heç bir tərəfin geosiyasi qarşıdurmasının alətinə çevrilməməsidir. Azərbaycan öz gündəliyini özü müəyyənləşdirməyə çalışır.

Bu gün Azərbaycanın müxtəlif beynəlxalq platformalarda öz mövqeyini açıq şəkildə ifadə edə bilməsi də müəyyən mənada bu siyasətin nəticəsidir.

– Cənab Prezident İlham Əliyevin diplomatik üslubunun əsas fərqləndirici xüsusiyyəti nədir?

– Məncə, onun diplomatik üslubunda arqumentlilik və siyasi qətiyyət bir-birini tamamlayır. Cənab Prezident beynəlxalq auditoriya qarşısında Azərbaycanın mövqeyini müdafiə edərkən konkret faktlara, sənədlərə və hüquqi əsaslara istinad edir. Eyni zamanda, milli maraqlara toxunan məsələlərdə mövqeyini kifayət qədər açıq ifadə edir.

Bu üslub xüsusilə Qarabağ məsələsində özünü göstərdi. Azərbaycan uzun illər ərzində beynəlxalq təşkilatların qərar və qətnamələrinə istinad etdi, diplomatik müstəvidə Azərbaycanın mövqeyini müdafiə etdi və paralel olaraq dövlətin bütün imkanlarını gücləndirdi.

– Cənab Prezident İlham Əliyevin Qarabağ məsələsində uzun illər ərzində apardığı siyasi və diplomatik mübarizəni hansı mərhələlərə bölmək olar?

– Bu mübarizəni bir neçə mərhələyə ayırmaq mümkündür, amma məncə, onları bir-birindən tam təcrid etmək olmaz. Çünki 2020-ci ilin qələbəsinə aparan yol uzun illər ərzində həyata keçirilən siyasətin nəticəsi idi.

Əvvəlcə Azərbaycanın iqtisadi və siyasi gücü artırıldı. Paralel olaraq ordu quruculuğuna böyük diqqət yetirildi. Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi sistemli şəkildə müdafiə edildi. İşğal faktının və ərazi bütövlüyümüzün pozulmasının beynəlxalq gündəmdə saxlanılması üçün diplomatik fəaliyyət davam etdirildi.

Eyni zamanda Azərbaycan özünün regional və beynəlxalq tərəfdaşlıqlarını genişləndirdi. Bütün bunlar birlikdə Azərbaycanın mövqeyini dəyişdirdi.

– 44 günlük müharibəyə aparan yol yalnız hərbi hazırlıqdan ibarət deyildi. Cənab Prezident İlham Əliyevin uzun illər apardığı diplomatik mübarizə və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi 2020-ci ilin nəticəsinə necə təsir göstərdi?

– Əlbəttə, 44 günlük müharibənin nəticəsini yalnız hərbi amillə izah etmək düzgün olmaz. Müharibənin nəticəsində ordumuzun qəhrəmanlığı və peşəkarlığı həlledici rol oynadı. Amma güclü ordu da öz-özünə yaranmır. Onun arxasında güclü iqtisadiyyat, dövlət siyasəti, uzunmüddətli hazırlıq və siyasi iradə dayanır.

Eyni zamanda Azərbaycan informasiya və diplomatik cəbhədə də mübarizə aparırdı. Cənab Prezidentin müharibə dövründə verdiyi çoxsaylı müsahibələr, Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırması bunun mühüm hissəsi idi.

Beləliklə, 2020-ci ilin Zəfəri hərbi, siyasi, iqtisadi və diplomatik imkanların bir nöqtədə birləşməsinin nəticəsi oldu.