ƏZİZ ƏLƏKBƏRLİ: QƏRBİ AZƏRBAYCAN İCMASI İKİ XALQ ARASINDA DİALOQ VƏ BİRGƏYAŞAYIŞIN TƏRƏFDARIDIR
03 iyun 2026, 15:57

BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan İcmasının yaranma tarixi, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

O bildirib ki, İcma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən müxtəlif dövrlərdə deportasiya olunmuş azərbaycanlıları və onların varislərini birləşdirən təşkilatdır və əsas məqsədi həmin insanların öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququnun təmin edilməsidir.

Ə.Ələkbərli Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış ideyasına verdiyi dəstəyin bu istiqamətdə aparılan fəaliyyətə mühüm təkan verdiyini qeyd edərək, İcma tərəfindən hazırlanmış Qayıdış Konsepsiyasının beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə əsaslandığını vurğulayıb.

İcma sədri çıxışında Qərbi azərbaycanlıların deportasiyalar zamanı üzləşdiyi humanitar fəlakətlərə, onlara vurulmuş maddi və mənəvi ziyana, həmçinin Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarına diqqət çəkib. O, qəbiristanlıqların, tarixi abidələrin və mədəni irs nümunələrinin məhv edilməsinin yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəri mədəni irsə qarşı yönəlmiş addım olduğunu bildirib.

Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, İcma beynəlxalq təşkilatlar, xarici dövlətlər və diplomatik nümayəndəliklərlə fəal əməkdaşlıq edir, müxtəlif beynəlxalq platformalarda Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması istiqamətində ardıcıl fəaliyyət göstərir. O, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Qərbi Azərbaycan məsələsinə və qayıdış hüququna dəstəyin ifadə olunduğunu qeyd edib.

Sədr çıxışının sonunda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının regionda davamlı sülhün və qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan İcması iki xalq arasında dialoq və birgəyaşayışın tərəfdarıdır və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışının bölgədə dayanıqlı sülhün əsas şərtlərindən biri olduğuna inanır.