Qərbi Azərbaycan İcması
Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” Festivalında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış konsepsiyası və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması deportasiyalara məruz qalmış milyonlarla azərbaycanlını və onların varislərini birləşdirən təşkilatdır. Onun sözlərinə görə, icmanın fəaliyyətinin əsas məqsədi Qərbi azərbaycanlıların öz evlərinə, ata-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir.
İcma sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi tarixi çıxış bu istiqamətdə mühüm dönüş nöqtəsi olub. Dövlət başçısının Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna verdiyi qəti dəstək insanların bu ideyaya inamını daha da gücləndirib və məsələ qısa müddətdə ümummilli hədəfə çevrilib.
Çıxış zamanı bildirilib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür. Bu çərçivədə beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər ünvanlanıb, Qərbi Azərbaycanla bağlı sənədlər BMT-nin rəsmi sənədləri kimi yayılıb, xarici diplomatlar və beynəlxalq nümayəndələrlə görüşlər keçirilib.
Əziz Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının əldə etdiyi uğurların əsas səbəblərindən biri bu ideyanın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmasıdır. O qeyd edib ki, Ulu Öndərin Aşıq Ələsgərin yubileyinin keçirilməsi, İrəvan Azərbaycan Dövlət Dram Teatrının Bakıya dəvət olunması və digər təşəbbüsləri Qərbi Azərbaycanla bağlı milli yaddaşın qorunmasına xidmət edib.
İcma sədri bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış ideyasını dövlətin strateji hədəfi kimi müəyyənləşdirməsi bu istiqamətdə fəaliyyətə yeni təkan verib. O əlavə edib ki, Qərbi Azərbaycan İcmasının sıralarında yüzlərlə tanınmış ziyalı, elm və mədəniyyət xadimi fəaliyyət göstərir və bu da görülən işlərin səmərəliliyini artırır.
Əziz Ələkbərli çıxışında xüsusi olaraq vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın gələcək təhlükəsizliyi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı regionda davamlı sülhün və birgə yaşayışın təmin olunmasına xidmət edəcək.
İcma sədri qeyd edib ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyir və bölgədə sabitliyin bərqərar olmasını vacib hesab edir. Bununla yanaşı, o vurğulayıb ki, davamlı sülhün əsas şərtlərindən biri Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüququnun təmin edilməsidir.
Çıxışının sonunda Əziz Ələkbərli Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına sülh yolu ilə qayıdacaqlarına əminliyini ifadə edib və gələcəkdə bu cür festivalların Göyçə, Dərələyəz, Zəngəzur və digər Qərbi Azərbaycan bölgələrində keçirilməsini arzuladığını bildirib.