Füzuli rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib
16 iyul 2025, 14:48

Füzuli Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” adlı kitabının I cildinin təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon nümayəndəsi Radə Telmanqızı, ziyalılar, Qərbi Azərbaycan əsilli sakinlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Horadiz şəhərində ucaldılmış abidəsi ziyarət edildi, tər çiçəklər düzələrək əziz xatirəsi ehtiramla anıldı.

​Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tarixən yaşadığımız faciə, soyqırımı və deportasiyalara düzgün hüquqi siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfərin yaratdığı yeni reallıqların erməni vandalizminə və terroruna daha dolğun sübutlarla qiymət verilməsi üçün münbit şərait yaratdığını vurğulayan Alı Alıyev, dünya ictimaiyyətinə üç dildə təqdim olunan “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının geniş fundamental araşdırma mənbəyi olduğunu bildirdi, Qərbi azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və mədəni soyqırımın elmi və hüquqi əsaslarla dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha vurğuladı.

Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon nümayəndəsi Radə Telmanqızı kitabın ərsəyə gətirilməsində digər mənbələrlə yanaşı ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edildiyini qeyd etdi. Radə Telmanqızı deportasiyanın və erməni terrorunun ağrı- acısını yaşamış bir Qərbi azərbaycan əsilli ailənin üzvü olaraq bildirdi ki, yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı yalnız ərazi məsələsi deyil, eyni zamanda milli qürur, milli kimlik və qəbirləri yer üzündən silinmiş ata-babalarımızın ruhuna rahatlıq deməkdir. O qeyd etdi ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində bu qayıdışın reallaşacağına dərin inamla yanaşırlar.

Milli Məclisin deputatı Vüqar Bayramov çıxışında Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparıldığını, təqdimatı edilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə və tutarlı sübut olduğunu diqqətə çatdırdı.

Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev kitabın tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilməsində, eləcə də gələcək nəsillərə ötürülməsində müstəsna əhəmiyyət daşımasından bəhs etdi, kitabda əks olunan faktların tariximizə, mənəviyyatımıza vurulan zərbələri əks etdirdiyini bir daha vurğuladı.