Qərbi Azərbaycan İcması
Gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi sənətkarın dostları, sənətinin pərəstişkarları və mədəni ictimaiyyətin nümayəndələrinin əhatəsində 20 aprel 2024-cü il tarixində Xətai Sənət Mərkəzində açıldı.
Sərgini “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov açaraq rəssamın yaradıcılığı barədə geniş məlumat verdi. Qeyd elədi ki, Reyhan Aslanova Bakıda doğulub boya-başa çatsa da ata yurdu Qərbi Azərbaycanın Amasiya rayonudur.
O 2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlıq fakültəsində təhsil alıb. Bakalavr təhsili müddətində dünya rəssamlarının müxtəlif texnikalarını, üslublarını öyrənib.
2019-cu ildə həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, həm də Azərbaycan Teatr Xadimləri İttifaqında müstəqil bədii rəhbər, 2020-2022-ci illərdə “İDRAK” liseyində təsviri sənət müəllimi kimi çalışıb. 2022-ci ildən bugünədək Bakı İstanbul Liseyində təsviri sənət müəllimi, 2017-ci ildən indiyə qədər də “Şəxsi Sənət” Studiyasında direktor vəzifəsində çalışır.
Rəssam bir sıra təltif və mükafatlara layiq görülüb.
Sonra söz alan Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu ürək sözlərini bölüşərək, sərginin əhəmiyyətini vurğuladılar. Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək rəssama yaradıcılıq uğurları arzuladı və fərdi sərgisi münasibəti ilə Xətai Sənət Mərkəzi adından xüsusi diplom təqdim etdi.
Sərgilənən müxtəlif janrlı rəngkarlıq nümunələri ilə bərabər rəssamın "10 may gülləri" adlı əsəri tamaşaçıların xüsusi diqqətini cəlb etdi. Bu əsər Ulu Öndər Heydər Əliyevin doğum gününə ithaf olunmuşdur. Sərgidə nümayiş olunan əsərlərin böyük əksəriyyəti rəssamın ata yurdu olan Qərbi Azərbaycanın və Qarabağımızın təbiət mənzərələrini və tarixi abidələrini əks etdirir.
Sərgi aprel ayının 24-dək satış-sərgi kimi tamaşaçıların üzünə açıq qalacaq və ziyarətçilərin istədikləri əsəri əldə etməsi mümkün olacaqdır.