Qərbi Azərbaycan İcması
Aprelin 7-də Qərbi Azərbaycan İcmasının binasındakı böyük zalda Qafan Rayonu İcması üzvlərinin və respublikada tanınmış ziyalıların, söz, sənət adamlarının iştirakı ilə Şah Səlimi Türkayın “Ev dustağıyam” romanının təqdimatı keçirilib. Qərbi Azərbaycan İcmasının şöbə müdiri Qalib Qasımov İcmanın sədri, millət vəkili Əziz Ələkbərlinin salamını çatdırdıqdan sonra bugünkü kitab təqdimatının icmanın binasında keçirilməsinin rəmzi mənası olduğunu bildirdi.
Qafan Rayon icmasının sədri, tibb elmləri doktoru, professor Eldar Abasov kitabı diqqətlə, həyəcan içində oxuduğunu bildirərək əlavə etdi ki, romanın mövzusundan, bədii məziyyətlərindən, onun nə dərəcədə əhəmiyyət kəsb etdiyindən danışmayacağam. Ən vacib odur ki, bizim gənc xanım öz istedadının bəhrəsini görüb və əsərin öz ata yurdundan qovulmuş bir müəllimin taleyinə həsr olunması ayrıca təqdirəlayiqdir. Həm də Qərbi Azərbaycana - doğma yurdlarımıza qayıdış konsepsiyasının gerçəkləşməsində də əsas yük belə istedadlı, vətənpərvər gənclərimizin üzərinə düşür. Gələcək strateji mübarizəmizin avanqardları da bu gənclərdir. Bizi hədəfimizə onlar çatdıracaqlar.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid Bakı Kitab Mərkəzində də Türkay xanımın kitabının təqdimatının keçirildiyini xatırlatdı. Qeyd etdi ki, bu kitabı müəllif İngiltərədə ingiliscə yazaraq çap elətdirib, sonra da Azərbaycan dilinə tərcümə eləyib. Kitabı oxuduqca insanda bir əminlik yaranır ki, doğrudan da biz müəllifin məharətlə tərənnüm etdiyi o doğma yerlərə mütləq qayıdacağıq.
Şair, oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, filologiya elmləri namizədi, dosent Cəsarət Valehov və başqaları Şah Səlimi Türkayı təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sumqayıt şəhər 39 nömrəli orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov gənc yazara uğurlar diləməklə bərabər, təklif etdi ki, Qərbi Azərbaycanda doğulan, yaxud əslən oralı olan müəlliflərin hərəsinin kitablarından bir nüsxə icmanın kitabxanasına təqdim edilsin.
“Doğrusu, sizin qarşınızda yaşadığım hissi ifadə etməyə söz tapmıram. Bu gün o qədər həyəcanlı olmuşam ki, şəkil çəkdirməyi belə unutmuşam. Həyatda heç tanımadığım, üzünü görmədiyim insanların saçımı oxşaması, mənimlə şəkil çəkdirməyə tələsməsi, əlimi sıxan isti əllər… Dahasını bilmirəm, sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə qarşınıza çıxanda mən özümü sizə təqdim edirdim, amma bu gün siz məni mənə təqdim edirdiniz. Çox sağolun, var olun! Sevgi ən böyük azadlıq, ən tapılmaz sərvətdir. Bugün ruhum sizinlə toxluq tapdı. Hər qəlbdə, hər ürəkdə xırdaca yer belə qazanmaq, bir ömrə dəyər! Hamınıza minnətdaram!
Təqdimat müəllifdən imza almaqla və xatirə şəkillərinin çəkilməsilə yekunlaşdı.
Beləcə xeyli müzakirələrdən, fikir mübadiləsindən sonra gənc müəllif ünvanına deyilən xoş sözlərə, yaradıcılığına verilən qiymətə görə hər kəsə minnətdarlığını bildirdi.