General-mayor Abbasəli Novruzov vəfat edib
17 avqust 2026, 14:51

Azərbaycanın dövlət və hərbi idarəçilik tarixində mühüm xidmətləri olan general-mayor, Azərbaycan SSR-in əməkdar hüquqşünası, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı (1994–2001), Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı ildə vəfat edib.

Abbasəli Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndində anadan olub. 1949-cu ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüb.

O, hərbi xidmətə Sərhəd Qoşunlarında başlayıb, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd məktəbinin hüquq bölməsini və Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. Uzun illər ərzində sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib, sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Kəşfiyyatçı, hərbi tərcüməçi və hüquqşünas kimi fəaliyyət göstərib, Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinədək irəliləyib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir kimi fəaliyyət göstərib.

1979-cu ildə Azərbaycanın “Əməkdar hüquqşünası” fəxri adına və SSRİ DTK-nın “Fəxri əməkdaşı” adına layiq görülüb.

1994-cü il aprelin 8-də Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilən Abbasəli Novruzov müstəqil Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin formalaşdırılması və Sərhəd Qoşunlarının inkişafı istiqamətində mühüm işlər həyata keçirib.

Onun rəhbərliyi dövründə İran, Rusiya və Gürcüstanla dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, yeni sərhəd dəstələrinin yaradılması, sərhəd infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların xidmətə cəlb olunması istiqamətində mühüm tədbirlər görülüb. Sərhəd Qoşunlarının dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Abbasəli Novruzov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının üzvü kimi də fəaliyyət göstərib.

Dövlət sərhədinin mühafizəsinin möhkəmləndirilməsində, Sərhəd Qoşunlarının peşəkar əsaslarla formalaşdırılmasında və dövlətçiliyin keşiyində göstərdiyi xidmətlər Abbasəli Novruzovun adını Azərbaycan tarixində xüsusi ehtiramla xatırlanan hərbçilər sırasına daxil edib.

O, xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni, “Şücaətə görə” medalı, “Sərhəddə fərqlənməyə görə” medalı və digər dövlət təltiflərinə layiq görülüb.

Abbasəli Novruzovun vəfatı Azərbaycan dövlətçiliyi və sərhəd mühafizəsi sahəsində çalışanlar, onun silahdaşları, doğmaları və yaxınları üçün ağır itkidir.

Mərhumun əziz xatirəsi onu tanıyanların və Azərbaycan dövlətinin sərhədlərinin qorunmasına xidmət edən insanların qəlbində daim yaşayacaq.

Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Ruhu şad olsun!