Qərbi Azərbaycan İcması
Göyçay rayonunda Qərbi Azərbaycan İcması, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildinin təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Qərbi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən foto sərgiyə baxış keçirilib.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov “Qərbi Azərbaycan folkloru: tarixi yaddaşın bərpası” mövzusuna toxunaraq milli folklorun, adət-ənənələrin və mədəni irsin qorunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan xalqına qarşı əsrlər boyu həyata keçirilən siyasətin məqsədlərindən biri xalqımızın doğma torpaqlarına bağlılığını unutdurmaq olub. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan folkloruna hər zaman xüsusi diqqət göstərdiklərini xatırladaraq çoxcildliyin xalqımızın tarixi yaddaşının və milli kimliyinin qorunmasına xidmət etdiyini bildirib.
Daha sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. İcma sədri çıxışında deportasiyalar və digər tarixi hadisələr nəticəsində Qərbi azərbaycanlıların milli-mədəni mühitinə, adət-ənənələrinə ciddi zərbə vurulduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, hər bir xalqın milli kimliyini müəyyənləşdirən əsas amillərdən biri onun folklorudur. Deportasiyalardan sonra Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Qərbi azərbaycanlıların şifahi yaddaşında qorunan folklor nümunələrinin və tarixi faktların toplanaraq nəşr edilməsi milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Ələkbərli Qərbi Azərbaycanın zəngin tarixi, mədəniyyəti, məişəti və mətbəxi haqqında da danışıb. Bildirib ki, bu ərazilərdə formalaşmış folklor nümunələri xalqımızın çoxəsrlik keçmişini, həyat tərzini və mənəvi dəyərlərini özündə yaşadır. İcma sədri, həmçinin Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumat verib, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının mənəvi haqqı olduğunu və bu hüququn beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin vacibliyini qeyd edib.
Növbəti çıxış üçün söz AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevə verilib. O, “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin hazırlanmasını milli folklor irsinin toplanması, tədqiqi və qorunması istiqamətində mühüm elmi təşəbbüs kimi qiymətləndirib. Folklor nümunələrinin zahirən sadə görünsə də, dərin məna daşıdığını və onların toplanmasının böyük zəhmət tələb etdiyini bildirən alim nəşrin ərsəyə gəlməsində iştirak edən institutun əməkdaşlarına təşəkkürünü çatdırıb. Hikmət Quliyev seriyanın VII və VIII cildlərinin artıq mətbəədə olduğunu və yaxın zamanda işıq üzü görəcəyini də diqqətə çatdırıb.
Ardınca AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədliyə söz verilib. Alim kitabın hazırlanma prosesi və Qərbi Azərbaycan folklorunun tədqiqi barədə məlumat verib. O, toponimlərin tarixi keçmişin öyrənilməsində mühüm mənbə olduğunu vurğulayaraq onların da folklor irsinin tərkib hissəsi kimi qorunmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və digər qonaqlar milli-mənəvi irsin qorunması, tarixi yaddaşın yaşadılması və Qərbi Azərbaycan folklorunun gələcək nəsillərə çatdırılması baxımından çoxcildliyin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda Göyçay rayonunda yaşayan Qərbi azərbaycanlılara İcmanın üzvlük vəsiqələri təqdim olunub. Daha sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 370 səhifəlik “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib. Kitabda yer alan folklor nümunələri Göyçay və İsmayıllı rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılardan toplanıb.
Nəşrin layihə rəhbəri filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, toplayıcıları, tərtibçiləri və ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Atəş Əhmədli və Elçin Abbasov, eləcə də filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevdir. Kitabın elmi redaktoru Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.
Çoxcildlik Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması və xalqımızın tarixi yaddaşının yaşadılması baxımından mühüm elmi mənbədir.