Göyçə mahalı, Çəmbərək rayonunun Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub
09 may 2024, 19:50

Göyçə mahalı, Çəmbərək rayonunun Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub.

QAİ-nin Qəyyumlar Şurasının sədri, fəlsəfə doktoru Mürvət Həsənlinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ-nin Müşahidə Şurasının sədri, akademik Misir Mərdanov, akademik Abel Məhərrəmov, Çəmbərək rayon icmasının sədri, professor Əvəz Ələkbərov, Nəzarət təftiş komissiyasının sədri, professor Vahid Novruzov, Ağbulaq kənd məktəbinin ziyalıları, yetirmələri və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında qeyd edib ki, icma yarandığı 2 il ərzində təşkilatlanaraq Qərbi Azərbaycana qayıdış missiyası ətrafında toplanıb.

İcma sədri soydaşlarımızın tezliklə o yurdlara, dədə-baba torpaqlarına qayıdacağına əminliyini bildirib.

Qeyd edək ki, Ağbulaq kənd məktəbi 1923-cü ildə fəaliyyətə başlayıb. İlk məktəb 4 illik ibtidai təhsil pilləli, az sonra 7 illik, 1958-ci ildə 8 illik, 1969-cu ildə isə 10 illik təhsil pilləli tam orta məktəb kimi fəaliyyət göstərib.

Məktəbin məzunları arasında 3 elmlər doktoru, 20 elmlər namizədi adını alıb.