Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik strategiyası” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılıq fəlsəfəsi hər zaman Azərbaycan dövlətinə, xalqına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdıraraq dinamik inkişafını təmin etmək olub. Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ etmək bu günkü, eləcə də gələcək nəsil üçün vacib məsələdir. Sədr minnətdarlıq hissi ilə Ümummilli Liderin Qərbi Azərbaycandan olan qaçqınlara göstərdiyi qayğı və bu mövzuya ayırdığı diqqət barədə geniş danışdı.
Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun “Heydər Əliyevin milli dövlətçilik strategiyası" mövzusunda məruzəsi dinlənildi. Müşahidə Şurasının sədri vurğuladı ki, Ümummilli lider Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başladığı ilk gündən xalqına olan sevgisini və sədaqətini açıq şəkildə nümayiş etdirib. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb.
Məruzəçi Heydər Əliyevin SSRİ dövründə Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutmasını xüsusilə vurğuladı. Heydər Əliyevin Mixail Qorbaçovun yeritdiyi səbatsız və anti-Azərbaycan siyasi xəttinə etiraz olaraq 1987-ci ildə tutduğu vəzifələrdən istefa verməsini, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qətliamı pisləyən bəyanat verməsini və az sonra SovİKP sıralarını tərk etməsini bu müstəvidə qeyd etdi.
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov öz çıxışında Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra böyük əngəllərə baxmayaraq Azərbaycana qayıtması, əvvəl Muxtar Respublikanın Ali Məclisinin sədri, sonra 1993-cü ildə isə xalqın təkidli tələbi ilə dövlət başçısı seçilməsi ilə ölkənin müstəqilliyi, sabitliyi, təhlükəsizliyini və rifahının təmin edilməsindən bəhs etdi.
İcmanın Ağsaqqallar Şurasının üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Abel Məhərrəmov qeyd etdi ki, müstəqilliyimizin ilk on ili ərzində Ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti sayəsində ölkənin müstəqilliyinin dönməz, əbədi və daimiliyi təmin edildi. Məhz Ümummilli Liderin səyləri nəticəsində müstəqil beynəlxalq ictimaiyyət Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə birmənalı dəstək ifadə etdi.
Ziyalılar Şurasının sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov bildirdi ki, Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə nəhəng irəliləyişlər əldə olundu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmağa başladı. Ümummilli lider sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılmasına, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına böyük diqqət ayırdı.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova bildirdi ki, bu günkü Azərbaycanın banisi olan ümummilli lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgiylə və sayğıyla anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək.
Sonra İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, İcmanın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çıxışlar etdilər.
Bütün çıxışçılar Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünü bərpa etməsi, ölkənin iqtisadi qüdrətini artırması və sosial-mədəni inkişafı təmin etməsini Ümummilli Liderin siyasi kursunun layiqli davamı kimi təqdir etdilər.