III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı Ordubadda davam edib - YENİLƏNƏCƏK
18 iyun 2026, 11:55

Naxçıvanda keçirilən III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalının növbəti mərhələsi Ordubad şəhərində təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədə Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Ardınca I və II “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivallarının fəaliyyətini və əldə olunan nəticələri əks etdirən videoçarx təqdim olunub.

Konsert proqramı ilə müşayət olunan tədbir tanınmış sənət adamları və yaradıcı kollektivlər çıxış edərək iştirakçılar üçün zəngin konsert proqramı təqdim edirlər. Musiqi nömrələri və milli rəqs nümunələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramı çərçivəsində Azərbaycanın qədim xalq rəqslərindən olan yallı ifa olunub. Milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyan çıxışlar tədbirə rəngarənglik qatıb.

Qeyd edək ki, III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı çərçivəsində elmi, mədəni və ictimai məzmunlu tədbirlərin keçirilməsi nəzərdə tutulur. Festivalın əsas məqsədi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği, bu istiqamətdə aparılan elmi araşdırmaların təşviqi və qayıdış ideyasının geniş ictimaiyyətə çatdırılmasına dəstək verməkdir.