"İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları" - Misir Mərdanov yazır
29 oktyabr 2024, 17:00

Təhsil tarixinin müqayisəli, sistemli və dərindən öyrənilməsi onun  cəmiyyətin və bütövlükdə ölkənin inkişafına verdiyi töhfələri qiymətləndirməyə, millətin əxlaqi-mənəvi inkişafındakı rolunu dəyərləndirməyə imkan verir. Təhsil tarixi millətin formalaşma tarixini, müxtəlif dövrlərdə hansı əxlaqi-mənəvi dəyərlərin və idealların vacib olmasını, milli inkişafın ümumi məqsəd və strategiyalarını dərindən mənimsəməyə, xalqın milli kökləri ilə bağlı olan təhsil-tərbiyə mədəniyyətini formalaşdıran sosial-siyasi və iqtisadi amilləri müəyyənləşdirməyə kömək edir.

Millətin min illər boyu yaratdığı təhsil-tərbiyə mədəniyyətini mənimsəməklə təhsilin cəmiyyətin dəyişən şərtlərinə və ehtiyaclarına necə uyğunlaşdığını öyrənə bilirik. Təhsil sosial fenomen kimi millətin milli kimliyinin formalaşmasında, keçmişlə müasirlik arasında mənəvi əlaqənin qurulmasında, milli-mənəvi dəyərlərin, mədəni-tarixi  irsin qorunub saxlanılmasında, milli birliyin yaradılmasında, gələcək nəsildə strateji düşüncə, analitik təhlil və qiymətləndirmə qabiliyyətinin inkişafında  əhəmiyyətli rol oynamaqla yanaşı, insanlara keçmişdəki səhvlərdən nəticələr çıxarmağa kömək edir, gələcək üçün dərs verir və onları daha yaxşı bir gələcəyə hazırlayır.

Azərbaycan təhsil tarixinin ayrı-ayrı mərhələləri ilə bağlı sistemli araşdırmalar aparılsa da, onlarla fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə edilsə də, monoqrafiyalar nəşr edilsə də,  deməliyik ki, bu, qaneedici deyil. Çünki indiyə kimi bütöv Azərbaycanın təhsil tarixi yaradılmayıb. Azərbaycanın hüquqi və siyasi xəritəsindən kənarda qalan hissəsində on minlərlə insanın  zaman-zaman yaratdığı təhsil-tərbiyə mədəniyyəti tədqiqatlardan təcrid edilib. İslamaqədərki təhsil mədəniyyətimiz (zərdüşt məktəbləri, Alban məktəbləri) hələ də öz tədqiqini gözləyir. Eramızın IV əsrində xristian dinini rəsmi din elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Alban çarı Yesuagenin dövründə, V əsrin əvvəllərində Albaniyada mövcud olan məktəb sistemi müxtəlif səbəblərdən hələ də təhsil mədəniyyətimizin bir hissəsinə çevrilməyib. Bu səbəbdən də ermənilər islamaqədərki xristian-türk mədəniyyətini mənimsəyərək özününküləşdiriblər. Hələ sovet dövründə erməni tarixçiləri  Azərbaycandakı erməni məktəblərini öz təhsil tarixlərinin bir hissəsi kimi tədqiq edir,  müxtəlif (erməni, rus və xarici) ensiklopediyalarda və nüfuzlu nəşrlərdə Bakı, Gəncə, Şuşa, Xankəndi, Şamaxı şəhərlərindəki erməni məktəblərindən bəhs etməklə adını, oxucularda həmin şəhərlərin də erməni şəhərləri olması təsəvvürünü yaratmağa çalışırdılar.

Keçən əsrin 50-ci illərində ermənilərin təhsil və pedaqoji fikir tarixi ilə bağlı təhriflərlə dolu olan kitabları hətta Misirdə və Fransada nəşr edilib. Erməni təhsil tarixçiləri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq erməni məktəblərini öyrənərək onlar haqqında cild-cild kitablar yazıblar. Cənubi Azərbaycanda, Dərbənddə, Borçalıda və Qərbi Azərbaycandakı ənənəvi (məktəb və mədrəsə) və dünyəvi təhsil ocaqları sistemli şəkildə Azərbaycan tədqiqatçıların tədqiqat predmetinə çevirməmişlər. Son illərdə bu sahədəki "sükut buzu" sınmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" sərəncamından sonra Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti ilə yanaşı, təhsili ilə də bağlı xeyli tədqiqatlar meydana gəlib. Hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyini təmin edən Qərbi Azərbaycan İcmasının yaradılması, həmin ərazilərdən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasını hədəfləyən  Qayıdış Konsepsiyasının qəbulu Qərbi Azərbaycanla bağlı tədqiqatların intensivliyinə güclü təsir göstərib.

Qərbi Azərbaycanın maarifçilik və təhsil tarixi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun  sistemli  tədqiqatları  xüsusi maraq doğurur. O, Qərbi Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi, tədrisi və təbliği sahəsində xeyli uğurlara imza atıb. Onun Qərbi Azərbaycanın təhsil tarixinə həsr olunmuş ilk kitabı "İrəvan Müəllimlər Seminariyası və onun məzunları" (2022) adlanır. Kitab haqqında geniş məqalə yazdığımdan onun haqqında geniş danışmaq fikrim yoxdur. Qısaca xatırladım ki, kitabda seminariyaların təşəkkül tarixini, fəaliyyət istiqamətlərini, əsasnamə və nizamnamələrini müqayisəli şəkildə araşdıran müəllif İrəvan Müəllimlər Seminariyasının təşkilindəki (8 noyabr 1881) çətinlikləri və maarifçilərin fədakarlıqlarını inandırıcı faktlarla verib, seminariyanın açılmasını ləngidən əsas səbəbləri səciyyələndirmiş, seminariyanın müəllim kadrları hazırlığındakı rolunu və təhsilin məzmununun (tədris planı, tədris proqramı, dərslik və dərs vəsaitləri) təkmilləşdirilməsi istiqamətlərini təhlil edib, azərbaycanlı məzunlarla bağlı oçerklər verib.

Professor Fərrux Rüstəmovun yeni kitabı "İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları"  (Bakı: Elm və təhsil, 2024, 480 s.) adlanır. Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, ön sözün müəllifi professor Misir Mərdanov, rəyçilər tanınmış tədqiqatçı alimlər Nazim Mustafa, Cəbi Bəhramov, İbrahim Bayramov, Yaqub Babayev, Fərzalı Rüstəmlidir.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşamış soydaşlarımızın orada yaratdığı maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, dövlətçilik ənənələrinin öyrənilməsinin, tədqiq və təbliğ olunmasının hazırkı dövrdə çox mühüm mədəni və siyasi əhəmiyyət daşıdığını müəllif belə izah edir: "Bu, hər şeydən əvvəl, Ermənistan adlanan təcavüzkar dövlətin son 30 ildə apardığı yalan və böhtan siyasətinə cavab olaraq onun özünün uydurma tarixinə yenidən baxılmasını tələb edir. Digər tərəfdən, bu, həm də Azərbaycan tarixinin mühüm bir mərhələsinin, siyasi sərhədlərimizdən kənarda qalan torpaqlarımızda (İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz və b.) millətimizin əsrlər boyu yaratdıqları maddi və mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, dövlətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsidir".

Kitabın ilk bölümündə qədim Azərbaycan şəhəri İrəvanın dövlətçilik tariximizdə, mədəniyyət, mənəviyyat və maarifçilik tariximizdə yeri və rolu müəyyənləşdirilir, şəhərin erməniləşdirilməsinin real mənzərəsi yaradılır. "Üləma, füzəla və şüəra" (F.B.Köçərli) yurdu kimi tanınan İrəvan şəhəri yarandığı gündən Azərbaycan xalqının mədəniyyət və mənəviyyat mərkəzinə çevrilmiş, həm xanlıqlar dövrünə kimi, həm də xanlıqlar dövründə Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyir ki, "İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımından da bu, bizim torpağımızdır".

Məlumdur ki, zaman-zaman İrandan, Türkiyədən, Suriyadan, Fransadan İrəvan torpaqlarına köçürülən ermənilər yerli azərbaycanlılara qarşı qanlı toqquşmalar (1905-1907, 1918-1920) törədib, deportasiyalar (1948-1953; 1987-1991), fiziki və mənəvi terror həyata keçiriblər. Bunun da nəticəsində yerli əhali tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

Ardıcıl və sistemli şəkildə erməniləşdirmə siyasətinə baxmayaraq, XX əsrin 80-ci illərinin sonuna kimi Qərbi Azərbaycanda, o cümlədən, İrəvan şəhərində əhalinin mühüm bir qismini etnik azərbaycanlılar təşkil edib.

Zəngin mündəricəyə malik kitabın "Cənubi Qafqazda qəza məktəblərinin təşəkkülü və inkişafı" adlı ilk fəslində müəllif  Şuşa, Nuxa, Bakı, Gəncədən sonra İrəvanda açılan ikisinifli qəza məktəbinin tarixini şərh edir, onun  üçsinifli qəza məktəbinə çevrilməsinin səbəblərini izah edir, qəza məktəbinin infrastrukturu, təhsilin məzmunu, ştat cədvəli, şagirdlərin, o cümlədən, azərbaycanlı şagirdlərin inkişaf dinamikası, kitabxanası, nəzarətçiləri (müdirləri), fəxri qəyyumları, fənn müəllimləri, o cümlədən, Azərbaycan dili və şəriət müəllimləri (Molla Tağı Mahmudoğlu, Mirzə Ələkbər Elxanov)  haqqında ətraflı məlumat verir. Müəllifin hesablamalarına görə, 1837-1868-ci illərdə İrəvan qəza məktəbində 364 nəfər azərbaycanlı şagird oxuyub.

"İrəvan üçsinifli qəza məktəbinin progimnaziyaya çevrilməsi" adlı ikinci fəsildə İrəvan qəza məktəbinin əsasında 1869-cu ildə  yaradılan kişi progimnaziyasının tarixi mənbələr əsasında araşdırılır, kişi progimnaziyasının tədris planı geniş təhlil edilir, ştat cədvəli səciyyələndirilir, Azərbaycan, rus və erməni şagirdlərinin inkişaf dinamikası müqayisəli şəkildə təhlil edilir, progimnaziyanın pansionu, kitabxanası, tərbiyəçiləri (müdirləri), sinif tərbiyəçisinin köməkçiləri, dil və ilahiyyat müəllimləri, inspektorları, katibləri, fənn müəllimləri, həkimləri və nəğmə müəllimləri haqqında dəyərli məlumatlar verilir. Müəllif Qafqaz Tədris Dairəsinin popeçitelinin illik hesabatları əsasında 1869-1880-ci illərdə  İrəvan kişi progimnaziyasında 267 azərbaycanlı şagirdin oxumasını müəyyənləşdirməyə müvəffəq olub.

Kitabın "İrəvan kişi gimnaziyasının yaranması, inkişafı və ermənilər tərəfindən bağlanılması" adlı III fəslində İrəvan kişi progimnaziyasının  gimnaziyaya çevrilməsinin şərtləri və onun quberniyanın elmi-mədəni həyatında rolu araşdırılır, inkişaf istiqamətləri, təhsilin məzmunu, şagird kontingenti, gimnaziyanın məzunları, pansionu, tərbiyəçi (müdir) köməkçiləri, Pedaqoji Şurası, kitabxanası, fizika kabineti, fəxri qəyyumları, inspektorları, katibləri, fənn müəllimləri, həkimləri haqqında arxiv sənədləri əsasında ətraflı məlumatlar verilir.

Kitabın  IV fəslində gimnaziyanın direktorlarları (Vladimir İosifoviç Brajnikov, Qriqori Alekseyeviç Boqolyubovski, Feodor Yefimoviç Kotılevski, Fyodr İliç Stasenko, Eduart Aleksandroviç Çoqaşvili), V fəslində gimnaziyanın  Azərbaycan dili və şəriət müəllimləri (Mirzə Ələkbər Elxanov, Firidun bəy Köçərli, İsmayıl bəy Şəfibəyov) və 92 nəfər azərbaycanlı məzunları haqqında qısa oçerklərlə yanaşı, onların şəkilləri və attestatlarının surətləri verilir. Bu fəsildə İrəvan gimnaziyasnda təhsil almayan alitəhsilli irəvanlılar (Abbasəli Makinski, Ələkbər Qədimov, Əliəsgər Qədimbəyov, Leyla Şahtaxtlı, Kübra və Ruqiyyə Mirbağırovalar və b.) haqqında verilən oçerklər də maraqla oxunmaqla yanaşı, İrəvan təhsil mühiti ilə bağlı oxucuda tam təsəvvür yaradır.

İrəvan qəza məktbində, progimnaziyada və gimnaziyada çalışan bütün direktorların, müəllimlərin, inspektorların, həkimlərin adlarının ilkin mənbələr əsasında müəyyənləşdirilməsi və kitabda verilməsi gərgin zəhmətin nəticəsi kimi dəyərləndirilməlidir.

Haqqında oçerk verilən məzunların, demək olar ki, hamısı İrəvanda və ümumiyyətlə, Azərbaycanda maarifin və maarifçiliyin inkişafında müstəsna xidmətlər göstərmiş, ictimai-siyasi, elmi-mədəni, ədəbi-bədii və pedaqoji fəaliyyətləri ilə millli-mənəvi dərk prosesinin inkişafına dəyərli töhfələr vermişlər. Onların adlarını xatırlatmaqla bu millətin onlara olan hörmət və ehtiramımı bildirmək istəyirəm: Abbas ağa Fərəcov, Abbas bəy Allahverdibəyov, Abbasəli bəy Ağabababəyov, Abdulla bəy Kəngərlinski, Adil bəy Ağabababəyov, Adil bəy Ağabababəyov-Muğanlinski, Adil bəy Qazıyev, Adıgözəl Qədimov, Allahyar bəy Sultanov, Ağa bəy Bağırbəyov, Baxşəli ağa Şahtaxtinski, Cahanbaxış bəy Muğanlinski, Cahangir bəy Qədimbəyov, Cəlil bəy Səfiyev, Eynəli bəy Sultanov, Əbülfət bəy Bağırbəyov, Əhməd Rəcəbli, Əkbər bəy Qazıyev, Əkbər ağa Sadıqov, Əkbər ağa Şeyxülislamov, Ələkbər bəy Qədimbəyov, Əli Kərbəlayı Əliyev, Əli bəy Makinski, Əliqulu bəy Sultanov, Əliəşrəf bəy Qazıyev, Əjdər Hacıbəylinski, Əsədulla  bəy Kəngərlinski, Əsəd bəy  Ağabababəyov, Əsildar Ağabababəyov, Əziz Əliyev, Fərrux bəy Hüseynbəyov, Fərrux bəy Ağakişibəyov, Fərəculla Şeyxov, Firuz bəy Ordubadski, Həbib bəy Səlimov, Həmid bəy Allahverdibəyov, Həmid bəy Şahtaxtinski, Hüseyn ağa Şahtaxtlı, Hüseynqulu bəy Səfiyev, Xasfolad bəy Hacıyev, Xəlil bəy Qasımbəyov, Xəlil Məhəmmədov, İlya bəy Mahmudbəyov, İrza Hacıbəylinski, İslam bəy Hacıbəyli, Kərim bəy Qazıyev, Qambay Vəzirov, Mahmud bəy Məhəmmədbəyov, Maqsud Məmmədov, Mehdiquluxan İrəvanski, Mehdi bəy Məlikaslanov, Məcid Hacı Rəcəbov, Məhəmməd Məhərrəmov, Məhəmmədtağı Qazıyev, Məhəmmədbağır  Rzayev, Məmmədəli Hacı Məmməd oğlu, Məmməd bəy Qazıyev, Mirzəəli Abbasov, Mirhəsən  Mirbabayev, Miryusif  Mirbabayev, Mirhüseyn Mirbağırov, Mirməhəmməd Mirbağırov, Mirəhməd Miryəhyayev, Mirabbas Mirbağırov, Mustafa bəy Topçubaşov, Müğbil xan Məhəmmədbəyov, Nəriman bəy Nərimanbəyli, Rza Məşədi Ağayev, Salahov Yusif, Əliqulu bəy Şahtaxtinski, Şamil bəy Bağırbəyov, Teymur bəy Makinski, Yusif bəy Mürsəlbəyov, Yusif  bəy Qazıyev, Zülfüqar bəy Makinski və b. Müəllif  İrəvan maarifçilik mühiti və İrəvan kişi gimnaziyası ilə bağlı fakt və hadisələri zaman və məkan kontekstində dəyərləndirərək ictimai-siyasi hadisələrin fonunda təhlil edib, bu bölgədə ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmış maarifçilərin həyat və fəaliyyətinin ən mühüm məqamlarına işıq salınıb.

Kitabda ilk mənbələr və rəsmi dövlət sənədləri əsasında xeyli fakt və hadisələr dəqiqləşdirilib, mətbuat səhifələrindəki, konfrans materiallarındakı yanlışlıqların səbəbləri araşdırılıb.

Professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları" adlı kitabı bütöv Azərbaycanın təhsil və pedaqoji fikir tarixinə dəyərli bir töhfədir. Ümid edirəm ki, yüksək elmi-nəzəri əhəmiyyəti, şərh üslubu, ümumiləşdirmə səviyyəsi, ilk  mənbələrin zənginliyi ilə seçilən bu kitab təhsil tədqiqatçılarının və geniş oxucu kütləsinin stolüstü kitabına çevriləcəkdir.