Qərbi Azərbaycan İcması
İrəvan şəhəri tarixən Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının əsas şəhər mərkəzlərindən biri olub. Bu şəhər Qərbi Azərbaycanın mədəniyyət beşiklərindən biridir.
20-ci əsrin əvvəllərinə qədər yerli azərbaycanlıların mütləq əksəriyyətini təşkil edən şəhərin sakinləri Azərbaycan tarixində mühüm rol oynamışdır.
Lakin təəssüf ki, ötən əsrdə olunan 4 deportasiya, xüsusən də əsrin əvvəllərində baş verən və soyqırımları ilə müşayiət olunan sürgünlər yerli azərbaycanlıların sayının bu şəhərdə kəskin şəkildə azalması, əsrin sonlarına doğru isə tamamilə yox olması ilə nəticələnib. Acı deportasiya günlərindən sonra da yüksək mədəniyyətə malik bu insanlar öz bənzərsiz şəhər kimliyinə bağlılıqlarını qoruyub saxlamışlar.
İrəvan şəhər icmasında birləşən soydaşlarımız bu gün Qərbi Azərbaycan İcmasında bir araya gəldilər. Aralarında valideynləri İrəvanda doğulmuş olan və İrəvan kökənli varislərin də olduğu iclasın əvvəlində İrəvan şəhərinin tarixini, görkəmli şəxslərini əks etdirən videoçarx nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov tədbir iştirakçılarını salamlayaraq İcmanın bugünə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.
İrəvan şəhər icmasının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva İrəvan şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, soydaşlarımızın bu tarixi şəhərdən zorla deportasiya olunması ilə bağlı ətraflı məlumat verib.
Daha sonra şair, oftalmoloq Paşa Musayev (Paşa Qəlbinur), “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycan Respublikasının xalq artisti, İcmanın Ağsaqqallar Şurasının üzvü Mübariz Tağıyev, İcmanın Ağsaqqallar Şurasının sədr müavini Eynəddin Məmmədov, Sevinc Budaqova, Vaqif Vəkilov, Bülbül Kərimova, Qadınlar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, Cəlil Tarverdiyev, Zülfiyyə Əliyeva, Həşimov Rauf, Paşayeva Arzu, Həsənova İntizar və Aqşin Tarverdiyev çıxış edərək doğma yurd yerləri ilə bağlı xatirələrini və qayıdış ideyasının reallaşdırılmasına dair fikirlərini bölüşüb, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərinə, eləcə də zorla çıxarıldıqları bütün torpaqlara geri qayıtmağın təməl haqqları olduqlarını bildirərək o günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.