Qərbi Azərbaycan İcması
Oktyabrın 24-də İstanbulda “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Altınbaş Universitetinin birgə təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə baş tutub.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin Dövlət himnləri səsləndirilib.
Konfransın açılış mərasimində Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov çıxış ediblər. Natiqlər Azərbaycanın və Türkiyənin Ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ölkələrimiz arasındakı əsrlərə dayanan münasibətlərin inkişafına əvəzsiz töhfələri, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi, bu ilin sentyabrında 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımızın tamamilə azad edilməsi, dövlətimizin başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltmasının tarixi əhəmiyyəti barədə danışıblar. Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlığının bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra daha da yüksələrək uğurla davam edəcəyi vurğulanıb.