Qərbi Azərbaycan İcması
17 noyabr 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının Opera Studiyasında Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, “Dan Ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyevanın xatirəsinə həsr olunmuş “İstiqlal nəğməli Dan Ulduzu” adlı xatirə gecəsi keçirilib.
Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə baş tutub.
Xatirə gecəsini giriş sözü ilə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı açıb. O, çıxışında Gülarə Əliyevanın həyat və yaradıcılıq yolundan bəhs edərək onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərini diqqətə çatdırıb.Bildirib ki, sənətkar müxtəlif illərdə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərib. 1966-cı ildə “Dan Ulduzu” instrumental ansamblını yaradıb. 1966–1988-ci illərdə isə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışıb.
Sonra söz alan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli “Dan Ulduzu” instrumental ansamblının Gülarə Əliyevanın yaradıcılıq dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bəstəkar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan şəxsiyyətlərdəndir və yaratdığı ansambl vasitəsilə milli musiqinin inkişafına mühüm töhfələr verib.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova və Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışlarında Gülarə Əliyevanın zəngin yaradıcılıq irsinin əhəmiyyətindən, sənətkarlıq xüsusiyyətlərindən və Azərbaycan musiqi sənətindəki xidmətlərindən danışıblar.
Tədbir çərçivəsində Qərbi Azərbaycan Televiziyasının istehsalı olan, görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş “Gülarə Əliyeva – Bir ömrün nəğməsi” adlı sənədli film nümayiş etdirilib. Filmdə sənətkarın mənalı ömür yolu, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr, yaratdığı “Dan Ulduzu” instrumental ansamblının fəaliyyəti ilə yanaşı, Gülarə Əliyevanın ailəsinin İrəvan kökləri, doğma yurda bağlılığı və bu bağlılığın ailə yaddaşında qorunub saxlanılması da əksini tapıb.
Rəsmi hissədən sonra Gülarə Əliyevanın adını daşıyan “Dan Ulduzu” instrumental ansamblının konsert proqramı təqdim olunub. Ansamblın ifasında səslənən musiqi nümunələri sənətkarın əziz xatirəsini yad etməklə yanaşı, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əsərlərin yaşadılmasına xidmət edib.
Xatirə gecəsi görkəmli sənətkarın yaradıcılığına ehtiramın, onun zəngin sənət irsinin, eləcə də Qərbi Azərbaycanla bağlı ailə yaddaşının qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini bir daha nümayiş etdirib.