Mahirə Hüseynova: “Yaddaşımız yaşayırsa, qayıdışımız da mütləq olacaq”
23 iyun 2026, 11:30

Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” Festivalı çərçivəsində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və beynəlxalq müstəvidə təbliğinin vacibliyindən danışıb.

Professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycan məsələsi təkcə bu bölgədən olan insanların deyil, bütövlükdə Azərbaycan xalqının milli məsələsidir. O qeyd edib ki, müxtəlif beynəlxalq konfranslar, elmi tədbirlər və festivallar vasitəsilə Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Mahirə Hüseynova çıxışında vurğulayıb ki, Qərbi Azərbaycan irsinin yaşadılması yalnız elmi araşdırmalarla deyil, həm də musiqi, aşıq sənəti, milli mətbəx, geyim mədəniyyəti və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi Qərbi Azərbaycana qayıdış ideyasının əsas dayaqlarından biridir.

Professor təhsil sahəsində həyata keçirilən maarifləndirmə işlərindən də bəhs edərək, orta məktəblərdə təşkil olunan açıq dərslərin, olimpiadaların və müxtəlif layihələrin şagirdlərin Qərbi Azərbaycanın tarixi, coğrafiyası və mədəni irsi barədə məlumatlandırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Çıxışının sonunda Mahirə Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi konsepsiyaya uyğun olaraq Qərbi Azərbaycana qayıdış ideyası elmi, hüquqi və mənəvi əsaslar üzərində qurulmalıdır. O, belə tədbirlərin milli yaddaşın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyalara çatdırılmasına xidmət etdiyini bildirib.