"Mədəni irsin bərpası və qorunması" mövzusunda panel sessiya keçirilib
05 dekabr 2024, 17:52

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində "Mədəni irsin bərpası və qorunması" mövzusunda panel sessiya keçirilib.

Panel Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçib.

Paneldə çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin bildirib ki, irs xalqı səciyyələndirən xüsusiyyətlərin toplusudur və buna görə də bəzi pisniyyətli qüvvələrin əlində təxribat vasitəsi kimi istifadə edilə bilər. O qeyd edib ki, Qərbi azərbaycanlılar bu kimi hallara qarşı çox ehtiyatlı olmalıdırlar. Məsələn, Şuşadakı kilsəni ermənilər özləri işğal dövründə dağıtmışdı, ancaq elə təqdim edirdilər ki, guya azərbaycanlılar onu dağıdıb. Daha sonra iddia etdilər ki, Azərbaycan onun görüntüsünü dəyişib, halbuki 40 il əvvəlki görüntünü dəyişəcək heç nə edilməyib.

“Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Reallıqları təqdim edərək bunların qarşısı alınmalıdır. Qeyd edim ki, mən Qarabağda olmuşam, orada həddən çox mina basdırılıb. Hesablamalara əsasən, həmin ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri hazırda həyata qaytarmağa çalışır. Həmçinin tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır”, - deyə o diqqətə çatdırıb.

Paneldə çıxış edənlər - Belçikada yerləşən Avropa İnkişaf və Tədqiqat Akademiyasının üzvü xanım Aişa Başa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İnsan və sosial elmlər sektorunun direktoru xanım Ramata Almamy Mbaye, Buxarest Bələdiyyəsinin Böyükşəhər Kitabxanasında Nadir kolleksiyalar şöbəsinin kuratoru və UNESCO-nun eksperti xanım Nikoleta Zaqura, İordaniyada Haşimi Universitetinin Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib Hüseyn mədəni irsin qorunmasının əhəmiyyəti, tarixi abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi ilə bağlı mühüm məsələləri müzakirə ediblər. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi abidənin məhv edilməsi, mənimsənilməsi və ya təhrif edilməsi ilə bağlı faktlar geniş müzakirə olunub.

Çıxış edənlər vurğulayıblar ki, mədəni irs təkcə bir xalqın tarixi və kimliyini əks etdirmir, həm də bəşəriyyətin ortaq sərvəti kimi qorunmalıdır. Bu kontekstdə mədəni irsin təhrif edilməsi, dağıdılması və ya qeyri-qanuni yolla mənimsənilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Xüsusilə münaqişə bölgələrində və işğal altında olan ərazilərdə mədəni irsin məhv edilməsi hallarına qarşı beynəlxalq hüquqi mexanizmlərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Konfrans çərçivəsində Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə apardığı yenidənqurma və bərpa işləri də təqdim olunub. Qeyd edilib ki, mədəni irsin bərpası prioritet məsələ olaraq qalır və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Həmçinin mədəni irsin bərpası prosesində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İştirakçılar bildiriblər ki, bərpa işləri təkcə abidələrin fiziki strukturunun yenidən qurulması deyil, eyni zamanda, onların mənəvi və tarixi dəyərinin bərpasını da ehtiva edir. Bu prosesdə yerli icmaların iştirakı və onların mədəni irsin qorunmasına töhfəsi xüsusi əhəmiyyət daşıyır.

Sonda iştirakçılar mədəni irsin və tarixi abidələrin qorunmasının qlobal əhəmiyyətini bir daha vurğulayıb, bu istiqamətdə səylərin artırılmasına çağırış ediblər.