Qərbi Azərbaycan İcması
Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Bəzən bir insanın cəmiyyətdəki yerini tutduğu vəzifənin adı ilə izah etmək mümkün olmur. Vəzifə dəyişə bilər, fəaliyyət sahəsi genişlənə bilər, dövlət qarşısında yeni məsuliyyətlər yarana bilər. Amma illər ərzində insanların yaddaşında formalaşan münasibət, görülən işlərin cəmiyyətə təsiri daha qalıcı olur. Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətindəki mövqeyinə də bu prizmadan baxmaq lazımdır.
Bu gün Mehriban xanımın adı Azərbaycan dövlətinin humanitar siyasəti ilə yanaşı çəkilir. Onun fəaliyyəti uşaqlardan xəstələrə, şəhid ailələrindən xüsusi qayğıya ehtiyacı olan insanlara, təhsildən səhiyyəyə, mədəniyyətdən sosial müdafiəyə qədər həyatımızın çox fərqli sahələrinə toxunur. Amma bu mənzərənin başqa, çox mühüm bir tərəfi də var: Mehriban xanım Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə ardıcıl dəstək verən və həmin siyasətin humanitar məzmununun cəmiyyətə çatdırılmasında xüsusi rol oynayan siyasi simadır.
Onun fəaliyyətində diqqət çəkən əsas məqam budur ki, dövlət siyasəti insan taleyindən uzaq, abstrakt anlayış kimi təqdim olunmur. Məktəb tikiləndə orada oxuyacaq uşağın, xəstəxana yenilənəndə müalicə alacaq xəstənin, uşaq evi təmir olunanda orada yaşayan körpənin, mədəniyyət ocağı yaradılarkən səhnəyə çıxacaq gəncin taleyi düşünülür. Böyük siyasətin insan həyatına toxunduğu yer də elə buradan başlayır.
Mehriban xanım Əliyevanın fəaliyyətinin ən fərqli cəhətlərindən biri isə mədəniyyətə münasibətidir. Azərbaycan mədəniyyəti onun fəaliyyətində sadəcə qorunmalı bir irs kimi deyil, yaşadılmalı, inkişaf etdirilməli və dünyaya tanıdılmalı böyük milli sərvət kimi görünür.
Bu baxımdan muğam sənəti xüsusi yer tutur.
Muğamı yalnız musiqi adlandırmaq azdır. Muğam bizim tariximizdən gələn səsdir. O səsdə Şuşanın küçələri, Qarabağın yaddaşı, ustadların nəfəsi, babalardan nəvələrə keçən bir mənəvi xətt yaşayır. Muğamın qorunması buna görə də bir musiqi janrının qorunması deyil, milli yaddaşın qorunmasıdır.
Mehriban xanımın muğama göstərdiyi diqqətin əhəmiyyəti də məhz bundadır. Muğam ustalarının sənətinə verilən qiymət, gənc ifaçıların bu sənətə cəlb olunması, beynəlxalq muğam festivallarının keçirilməsi, Azərbaycan muğamının dünyada tanıdılması və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması bir-birindən ayrı hadisələr deyil. Bunlar eyni mədəni siyasətin müxtəlif səhifələridir.
Beynəlxalq Muğam Mərkəzi bu gün Bakının mədəni simasının ayrılmaz hissəsidir. Orada səslənən hər muğam yalnız bir konsert proqramı deyil. Hər ifa bir məktəbin davamıdır. Hər gənc xanəndə bir ənənənin gələcəyə ötürülməsidir. Belə baxanda Muğam Mərkəzinin əhəmiyyəti onun binasından çox-çox böyükdür.
Azərbaycan muğamının UNESCO səviyyəsində tanınması da bu prosesin mühüm nəticələrindən biridir. Bir vaxtlar yalnız öz məclislərimizdə, toylarımızda, sənət məclislərində dinlənən muğam bu gün dünyanın böyük mədəni platformalarında Azərbaycanın adı ilə səslənir. Bu, milli mədəniyyətin beynəlxalq təqdimatının ən təsirli nümunələrindən biridir.
Mehriban xanım Əliyevanın mədəniyyətə münasibəti muğamla bitmir. Azərbaycan xalçası, musiqisi, ədəbiyyatı, memarlığı, qədim sənət nümunələri, tarixi abidələri və milli bayramları eyni böyük mənzərənin ayrı-ayrı hissələridir. Azərbaycanın dünyaya yalnız nefti, qazı, iqtisadi imkanları və geosiyasi mövqeyi ilə deyil, öz mədəniyyəti ilə də təqdim olunması son illərin mühüm reallıqlarındandır.
Bu mənada Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın mədəni diplomatiyasının görünən istiqamətlərindən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrində həyata keçirilən mədəni və humanitar layihələr, tarixi abidələrin bərpası, Azərbaycan sənətinin beynəlxalq səviyyədə təqdim olunması ölkəmizin öz mədəni irsinə münasibətinin də göstəricisidir.
Milli-mədəni irsdən danışarkən Qərbi Azərbaycan məsələsini də kənarda qoymaq olmaz. Çünki mədəni irs yalnız daş abidələrdən, muzey eksponatlarından və musiqi nümunələrindən ibarət deyil. Bir xalqın yaddaşı onun yaşadığı kəndlərdə, şəhərlərdə, qəbiristanlıqlarda, məscidlərdə, məktəblərdə, qədim yaşayış məskənlərində və nəsildən-nəslə ötürülən xatirələrində də yaşayır.
Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurdlarına qayıtmaq arzusu da məhz belə bir yaddaşın ifadəsidir. Bu gün bu məsələ Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Prezident cənab İlham Əliyev dəfələrlə Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdış hüququndan danışıb, bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılmasını və mədəni irsin qorunmasını dövlət gündəliyində saxlayıb.
Mehriban xanımın bütün fəaliyyəti boyu milli-mədəni irsimizə göstərdiyi diqqət Qərbi Azərbaycan məsələsi üçün də xüsusi məna daşıyır. Çünki tarixi yaddaşın qorunması onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Qarabağda dağıdılmış məscidlərin, dini və mədəni abidələrin bərpasına göstərilən diqqət necə xalqın maddi yaddaşının yenidən ayağa qaldırılmasına xidmət edirsə, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması da eyni yaddaş xəttinin başqa bir səhifəsidir.
Qərbi Azərbaycan məsələsi yalnız keçmişə baxmaq deyil. Bu, tarixi yaddaşın qorunması ilə gələcəyə baxmaqdır. Doğma kəndinin adını, ata-baba evinin yerini, məktəbini, məscidini, qəbiristanlığını xatırlayan insanların arzusu həmin yaddaşın yaşamasıdır. Azərbaycan dövlətinin bu məsələyə verdiyi önəm isə həmin yaddaşın artıq fərdi xatirə olmaqdan çıxaraq milli siyasətin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir.
Mehriban xanım Əliyevanın fəaliyyətində mədəniyyətə, tarixi irsə və milli yaddaşa verilən böyük əhəmiyyət Qərbi Azərbaycan məsələsində də öz məntiqi davamını tapır.
Mehriban xanımın fəaliyyətinin insanlara ən yaxın görünən tərəfi, şübhəsiz, sosial-humanitar məsələlərdir.
Uşaq evlərinə gedəndə orada sadəcə yeni təmir olunmuş otaqlara baxmır. Uşaqlarla görüşür, onların qayğıları ilə maraqlanır. Xəstəxanaya gedəndə yalnız tibbi avadanlıqlara nəzər yetirmir, xəstələrin vəziyyəti, həkimlərin işi, uşaqların müalicəsi ilə maraqlanır. Yeni məktəbin açılışında əsas məsələ də yalnız binanın gözəlliyi deyil, orada təhsil alacaq uşaqlar üçün yaradılan imkanlardır.
Bəlkə də onun cəmiyyətdəki xüsusi çəkisinin səbəblərindən biri elə budur. İnsanlar dövlət siyasətini bəzən sənədlərdən və rəsmi çıxışlardan çox, həyatlarında gördükləri dəyişikliklərdən tanıyırlar.
Bir məktəbin yenilənməsi müəllim üçün iş şəraitidir, valideyn üçün övladının gələcəyinə inamdır, uşaq üçün isə daha yaxşı təhsil mühitidir. Bir xəstəxananın müasir avadanlıqla təmin olunması həkim üçün yeni imkan, xəstə üçün isə ümid deməkdir. Bir uşaq evinin yenilənməsi isə orada yaşayan uşağın özünü daha təhlükəsiz və daha dəyərli hiss etməsi deməkdir.
Mehriban xanımın fəaliyyətində uşaqlara xüsusi diqqətin səbəbi də burada görünür. Çünki uşağa göstərilən qayğı, əslində, gələcəyə göstərilən qayğıdır.
Səhiyyə sahəsində görülən işlər də uzun illərdir bu xətt üzrə davam edir. Ana və uşaq sağlamlığı, pediatriya, irsi xəstəliklərlə mübarizə, tibb müəssisələrinin yenilənməsi, müasir tibbi avadanlıqların alınması – bütün bunlar humanitar siyasətin cəmiyyətin gündəlik həyatına birbaşa təsir edən istiqamətləridir.
Regionlara göstərilən diqqət isə ayrıca əhəmiyyət daşıyır. Çünki ölkənin inkişafını yalnız Bakı ilə ölçmək mümkün deyil. Gəncədə və digər şəhər və rayonlarda yaradılan yeni məktəblər, xəstəxanalar, uşaq müəssisələri və mədəniyyət ocaqları dövlət siyasətinin bütün ölkəni əhatə etdiyini göstərir.
Mehriban xanımın fəaliyyətində cəmiyyətin həssas təbəqələri də daim xüsusi diqqət görür. Şəhid ailələri, şəhid övladları, qazilər, valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan insanlar... Bunlar dövlət qayğısının ən çox hiss olunmalı olduğu insanlardır.
Şəhid övladları ilə keçirilən görüşlərin ayrıca mənası var. Çünki şəhid ailəsinə qayğı yalnız maddi təminat məsələsi deyil. Bu, həm də dövlətin öz şəhidinə, onun ailəsinə və övladına münasibətidir. Bir uşağın sevindirilməsi, ona diqqət göstərilməsi, bayramının paylaşılması bəzən uzun-uzadı rəsmi sözlərdən daha çox şey deyir.
Mehriban xanımın humanitar fəaliyyətində məhz belə məqamlar çoxdur. Böyük layihələrlə kiçik görünən, amma insan üçün böyük məna daşıyan addımlar bir-birini tamamlayır.
2017-ci ildə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması onun fəaliyyətində tamamilə yeni mərhələ açdı. İllərlə ictimai və humanitar sahədə formalaşmış təcrübə artıq dövlət idarəçiliyinin ən yüksək səviyyələrindən biri ilə birləşdi.
Bu gün Mehriban xanımın fəaliyyətini yalnız mədəniyyət və sosial layihələrlə məhdudlaşdırmaq mümkün deyil. Birinci vitse-prezident kimi onun qarşısında dövlət idarəçiliyinin daha geniş məsələləri dayanır. Sosial siyasət, səhiyyə, təhsil, mədəniyyət, beynəlxalq münasibətlər, regionların inkişafı, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, yeni texnologiyalar və rəqəmsal inkişaf artıq bu fəaliyyət dairəsinin müxtəlif istiqamətləridir.
Rəqəmsal İnkişaf Şurasının yaradılması və Mehriban xanımın sədrliyi ilə keçirilən iclaslar da bunun göstəricisidir. Süni intellekt, rəqəmsallaşma, innovasiya və kibertəhlükəsizlik kimi mövzular artıq dövlətin gələcək inkişaf gündəliyinin mühüm hissəsidir. Bu, Mehriban xanımın fəaliyyət dairəsinin zamanla necə genişləndiyini göstərir.
Amma məsuliyyət dairəsi genişlənsə də, insan amili dəyişməyib.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması buna ən böyük nümunədir. İşğaldan azad edilmiş torpaqlarda yollar çəkilir, evlər tikilir, məktəblər və xəstəxanalar yaradılır. Amma bütün bunların arxasında bir məqsəd dayanır: insanı doğma torpağına qaytarmaq və orada normal həyat qurmaq.
Şuşa isə bu prosesin mənəvi mərkəzidir.
Şuşanın yenidən qurulması yalnız dağıdılmış binaların bərpası deyil. Bu, Azərbaycan mədəniyyətinin bir parçasının öz yerinə qaytarılmasıdır. Şuşada musiqinin yenidən səslənməsi, mədəni tədbirlərin keçirilməsi, tarixi irsin bərpası şəhərin fiziki dirçəlişi qədər əhəmiyyətlidir.
Mehriban xanım Əliyevanın Qarabağla bağlı fəaliyyətində mədəniyyətin önə çıxması da təsadüfi deyil. Çünki Qarabağ torpaqlarına qayıdış yalnız fiziki qayıdış deyil. Orada Azərbaycan yaddaşının, musiqisinin, sənətinin, tarixinin də yenidən yaşaması lazımdır.
Mehriban xanımın cəmiyyətdə xüsusi çəkisi də bütün bu istiqamətlərin bir yerdə görünməsindən yaranır.
Kiminsə yaddaşında o, muğamın hamisidir. Kiminsə üçün uşaqların, xəstələrin və sosial qayğıya ehtiyacı olan insanların yanında olan Birinci vitse-prezidentdir. Başqa biri onu mədəniyyətimizin dünyada tanıdılmasına böyük töhfə verən şəxs kimi xatırlayır. Şəhid ailələri üçün isə onun fəaliyyəti başqa bir məna daşıyır. Qərbi Azərbaycanlılar üçün milli yaddaşın və tarixi irsin qorunması, Qarabağ məsələsində isə mədəni irsin bərpası onun fəaliyyətinin ayrıca əhəmiyyət daşıyan istiqamətləridir.
Bu müxtəlif baxışların hamısını birləşdirən bir cəhət var: insan və Azərbaycan.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin qarşısında bu gün ölkənin daha da gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi böyük vəzifələr dayanır. Mehriban xanım Əliyevanın fəaliyyəti isə bu siyasətin xüsusilə humanitar və sosial tərəfinin cəmiyyət həyatında görünən üzlərindən biridir.
Onun dövlət siyasətinə verdiyi dəstək yalnız siyasi mövqedə deyil, görülən işlərdə də özünü göstərir. Mədəniyyətə qayğı, uşaqlara diqqət, səhiyyə layihələri, təhsil müəssisələri, şəhid ailələrinə münasibət, Qarabağın mədəni irsinin bərpası, Qərbi Azərbaycan yaddaşının qorunması və Azərbaycanın dünyada mədəni ölkə kimi təqdim olunması bu dəstəyin müxtəlif təzahürləridir.
Bütün bunlara görə Mehriban xanım Əliyevanı yalnız tutduğu vəzifə ilə xarakterizə etmək doğru olmaz. O, Azərbaycanın müasir siyasi həyatında dövlət idarəçiliyində mühüm vəzifə daşıyan Birinci vitse-prezident olmaqla yanaşı, milli mədəniyyətimizin hamisi, humanitar siyasətin aparıcı simalarından biri və cəmiyyətin müxtəlif təbəqələri ilə xüsusi bağ qurmuş ictimai-siyasi xadimdir.
İllər ötür, dövlətin qarşısında duran vəzifələr dəyişir, yeni çağırışlar meydana çıxır. Dünən əsas məsələ məktəb və xəstəxana idisə, bu gün rəqəmsallaşma, süni intellekt, yeni texnologiyalar və işğaldan azad olunmuş ərazilərin sürətli inkişafı da gündəmdədir. Amma bütün bu dəyişikliklərin mərkəzində yenə insan dayanır.
Bəlkə də Mehriban xanım Əliyevanın fəaliyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, ən doğru söz elə budur: dövlət siyasətinin insan həyatında görünən tərəfi.
Çünki bir uşağın üzündəki təbəssüm, xəstənin sağalmaq ümidi, şəhid övladının göstərilən qayğını hiss etməsi, muğamın dünyanın başqa bir ölkəsində səslənməsi, Şuşada yenidən musiqi tədbirinin keçirilməsi, illərdir doğma yurduna qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlının yaddaşının qorunması – bunların hər biri böyük dövlət siyasətinin insanlara toxunduğu ayrı-ayrı məqamlardır.
Mehriban xanım Əliyevanın fəaliyyəti də həmin məqamların cəmindən yaranan böyük bir mənzərədir.
Və bu mənzərədə Azərbaycan mədəniyyəti, Azərbaycan insanı və Azərbaycan dövləti bir-birindən ayrılmır.