Milli maraqdan regional liderliyə: Vaşinqtonun Bakı mesajı cənab Prezidentin siyasətinə verilən qiymətdir
11 avqust 2026, 19:17

Əziz Ələkbərli

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

Bəzən bir ölkənin beynəlxalq nüfuzunun hansı mərhələyə çatdığını anlamaq üçün uzun diplomatik sənədlərə ehtiyac olmur. Bir neçə cümlə kifayət edir. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında səsləndirdiyi fikirlər də məhz belə siyasi məna daşıyır.

Uitkoffun sözləri xüsusilə diqqət çəkir:

“Azərbaycan Prezidenti özünü güclü, qətiyyətli bir lider kimi nümayiş etdirdi. Sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır idi. Əliyev bizi həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini başa düşən biri kimi heyran etdi.”

Bu sözlərin siyasi çəkisi ondadır ki, söhbət adi diplomatik komplimentdən getmir. Əslində, Uitkoff Azərbaycanın son illərdə keçdiyi siyasi yolun nəticəsini ifadə edir.

Bu yolun təməlində isə Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik strategiyası dayanır. Milli maraqları dövlət siyasətinin əsasına çevirmək, Azərbaycanın müstəqilliyini və beynəlxalq mövqeyini möhkəmləndirmək Heydər Əliyev siyasi kursunun başlıca istiqamətlərindən idi.

Cənab Prezident İlham Əliyev bu siyasəti yeni dövrün reallıqlarına uyğun şəkildə ardıcıl və praqmatik formada davam etdirərək Azərbaycanın siyasi və iqtisadi imkanlarını daha da genişləndirdi. Bu gün ölkəmizin regionda artan çəkisi də məhz həmin dövlətçilik xəttinin məntiqi nəticəsidir.

Azərbaycan artıq yalnız öz milli maraqlarını müdafiə edən dövlət deyil. Ölkəmiz Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasında əsas söz sahiblərindən birinə çevrilib.

Uitkoffun Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat bağlantısı və TRIPP layihəsi barədə fikirləri də bu baxımdan əhəmiyyətlidir. Bu məsələlər artıq yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq və iqtisadi inteqrasiya kontekstində nəzərdən keçirilir.

Deməli, Vaşinqtonun Bakı mesajının mahiyyəti yalnız cənab İlham Əliyevin lider kimi yüksək qiymətləndirilməsi deyil. Daha mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın milli maraqlara söykənən, praqmatik və uzaqgörən siyasətinin regional nəticələri artıq beynəlxalq səviyyədə də qəbul edilir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, cənab İlham Əliyevin həmin siyasi xətti yeni geosiyasi reallıqlarda davam etdirməsi və Azərbaycanın əldə etdiyi nəticələr bir-birini tamamlayan proseslərdir.

Bu gün Azərbaycanın regional liderliyindən danışılırsa, bunun arxasında təsadüf deyil, ardıcıl dövlət siyasəti, milli iradə və strateji düşüncə dayanır.

Vaşinqtondan gələn son mesaj da əslində bunu təsdiqləyir.