Naxçıvanda III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı keçirilir - YENİLƏNƏCƏK
18 iyun 2026, 11:48

Naxçıvan Muxtar Respublikasında III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalına start verilib.

Konqres-festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil olunub.

Tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Konqres-festival çərçivəsində Qərbi Azərbaycanın tarixi, mədəni irsi, elmi tədqiqatlar, milli-mənəvi dəyərlərin qorunması və Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı müxtəlif mövzularda müzakirələrin aparılması nəzərdə tutulur. Tədbir ölkənin müxtəlif elm, təhsil və ictimai qurumlarını təmsil edən alimləri, tədqiqatçıları və ictimaiyyət nümayəndələrini bir araya gətirir.

III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalının əsas məqsədi Qərbi Azərbaycanın tarixi irsinin araşdırılması, bu istiqamətdə elmi fəaliyyətin təşviqi və qayıdış ideyasının beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməkdir.