Qərbi Azərbaycan İcması
Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayee onu müşaiyət edən səfirliyin tərcüməçisi Tahsin Aşurovla birlikdə Qərbi Azərbaycan İcmasını ziyarət etmişdir. Səfir Hayee İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirmiş, İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat almışdır.
Görüşdə İcmanın rəhbərliyi - İdarə Heyətinin (İH) sədri, millət vəkili Əziz Ələkbərli, İH sədr müavini, millət vəkili Hikmət Babaoğlu, İcmanın Sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli dost və qardaş ölkə olan Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeeni İcmada görməkdən şad olduğunu bildirdi. İcma sədri Pakistanlı diplomata son 200 ildə Azərbaycanlıların başlarına gətirilən müsibətlər barədə danışdı, ötən əsr boyunca dörd dəfə, 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə onların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər barədə məlumat verdi.
Görüş zamanı aparılan söhbət əsnasında səfirin diqqətinə çatdırıldı ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir. İcma bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etsə də, diloqa çağırış cəhdləri cavabsız qalır.
Qeyd olundu ki, Qərbi Azərbaycanllların geri qayıdış hüququ ilə bağl beynəlxalq miqyasda edilən müraciətlərimizə mötəbər təşkilatlar tərəfindən reaksiyalar gəlməkdədir. BMT İcmanın 4 sənədini – Qayıdış Konsepsiyası da daxil olmaqla öz rəsmi sənədi kimi yayıb, UNESCO və Aİ-dən İcmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var.
Səfir Bilal Hayee Pakistanın hər zaman qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu və bundan sonra da olmağa davam edəcəyini bildirmişdir.
Səfir Bilal Hayee daha sonra İcmanın inzibati binası ilə tanış olmuşdur.