
Qərbi Azərbaycan İcması
1 mart 2025-il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə online formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən bu konfransın məqsədi Mart ayının dünyada qadın haqları aylığı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan qovulmuş qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransa 12 ölkədən olmaqla, xaricdə diaspora fəaliyyətində iri layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu qadın qatılmışdır. Tədbirdə İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri xanım Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva, xaricdə gəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yordu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edirdi. Konfransın moderatoru QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı İcmanın, xüsusən də Qadınlar Şurasının məqsəd və vəzifələri, fəaliyyət planı, Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər haqqında məlumat verdi. Məlahət İbrahimqızı qısa müddət ərzində Qərbi Azərbaycana qayıdış Konsepsiyasının vahid milli ideologiyaya çevrilməsini qeyd etdi. Konfrasın açılış hissəsində çıxış edən Qadınlar Şurası Beynəlxalq əlaqələr üzrə Koordinasiya Şurasının rəhbəri, millət vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas prinsiplərini şərh etdi. Azərbaycanla İSESCO arasında əməkdaşlığı xüsusi vurğulayan və Azərbaycanın İSESCO üçün önəmli ölkə olmasını qeyd edən İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri xanım Ramata Almamy Mbaye təqdimatında İcma ilə, xüsusən də Qadınlar Şurası ilə yaranmış yeni və uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyini bildirdi.
İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq layihələr üzrə tanınmış ekspert Dinara Quliyeva, Belçikadan İlahə Tağıyeva, İsveçdən Səadət Kərimi, Türkiyədən Aysel Sadak, Nigar Ögeday, Elif Selcuk, Eda Genday, Antaliyada tanınmış uzman doktor, MHP millət vəkili aday adayı doktor Esmaya Novruzova, Şəhla Bayramova, Təranə Musayeva, Bostondan Laçın Babayeva, millət vəkilləri Səbinə Salmanova, Günay Ağamalı, Səbinə Xasayeva, Pərvanə Vəliyeva konfransda çıxış edərək, Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsində qadınların xüsusi rolunu və verə biləcəyi töhfələri qeyd etdilər. Konfransın sonunda konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara və dünyanın Birinci Xanımlarına Müraciət qəbul edildi.