“Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda tədbir təşkil edilib
03 aprel 2025, 16:25

Azərbaycan Dillər Universitetində “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, akademik Kamal Abdulla bu günlərdə qeyd olunan 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı mövzunun aktuallığını vurğuladı. O bildirdi ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törədilib və bu cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus digər azsaylı xalqlardan da yan keçməyib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli azərbaycanlıların soyqırımlarına ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirdi. Xatırlatdı ki, məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Sədr vurğuladı ki, əslində bütün Cənubi Qafqazda, eləcə də Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İcma sədri tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı ilə də məlumat verib.

Sonra ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Qərbi Azərbaycanın Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov, ADU-nin təhsildə xarici dillər kafedrasının müdiri, QAİ Qadınlar Şurasının üzvü, dosent Həqiqət Hacıyeva, Almaniyada yaşayan yazar Dr.Orhan Aras və başqaları mövzu ilə bağlı çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, yüz illər boyu xalqımıza qarşı törədilmiş cinayətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb, çoxsaylı əsərlər yazılıb və xarici dillərə tərcümə olunub. Son illərdə də aparılan tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanılıb. Məqsəd Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına geri qayıdışına nail olunması istiqamətində elmi, tarixi, həqiqi faktlara söykənən mübarizəyə dəstək olmaqdır.

Tədbirin sonunda tələbələr Qərbi Azərbaycanla bağlı bir sıra təkliflər irəli sürüb, vətənpərvərlik ruhunda şeirlər təqdim ediblər.